BAKI, 10 dekabr — Sputnik. "Rosatom" dövlət korporasiyasının "Prorıv" müəssisəsinin elmi şöbəsi gələcəyin atom enerjisi texnologiyalarının əsas vəzifələrindən birini həll edəcək riyazi model yaradıb - müxtəlif izotop tərkibli plutonium ehtiva edən sürətli neytron reaktorları üçün nüvə yanacağının "dövr etməsi" imkanı sübut edilib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şöbənin aparıcı elmi işçisi Yelena Rodina bildirib.
2018-ci idə "Rosatom" Elmi-Texniki Şurasının Rəyasət Heyəti Rusiyanın atom enerjisinin inkişafının yeni strategiyasını təsdiqləyib. Onun baza əsasları kimi qapalı nüvə yanacağı tsikli (QNYT) əsasında işləyən rəqabətqabiliyyətli ikikomponentli enerji sisteminə keçid təsdiq olunub. Söhbət ənənəvi su - su enerji reaktorlarının (SSER) sürətli neytron reaktorlarla "birləşdirilməsindən", eləcə də bu sahədə yığılan digər problemləri həll etməkdən gedir.
QNYT sayəsində nüvə yanacağının təkrar istehsalı genişlənir və atom enerji bazası əhəmiyyətli dərəcədə artaraq təbii uranın böyük həcmdə hasilat zərurətini aradan qaldırır. Həmçinin, işlənmiş nüvə yanacağının təkrar emalından sonra qalan radioaktiv tullantıların miqdarını və bioloji təhlükəsini azaltmaq da mümkün olacaq - ən təhlükəli radionuklidlərin (minor (kiçik) aktinidlər) sürətli neytron reaktorlarında "yandırılması" planlaşdırılır.
Atom mütəxəssislərinin obrazlı şəkildə dediyi kimi, hazırkı nüvə energetikasının təbii uranın məhdud ehtiyatları və işlənmiş nüvə yanacağının təxirə salınmış problemi ilə əlaqədar olan "iki əsas çibanını" sağaltmaq mümkün olacaq.
Ancaq QNYT çərçivəsində "sürətli" reaktorların stabil işini təmin etmək baxımından onlarda müxtəlif izotop tərkibli plutonium əsasında nüvə yanacağından istifadə olunması imkanını sübuta yetirmək lazım idi.
"Son illər ərzində bizim şöbə nüvə yanacağı dövrünün qapanması nəzərə alınmaqla sürətli neytron enerji reaktorlarının aktiv zonalarının hesablamaları ilə məşğul olub. Bizdə lazımi hesablamaların aparılmasına imkan verən kompleks riyazi model yaradılıb", - deyə Rodina Soçidə Gənc Alimlər Konqresi çərçivəsində bildirib.
Onun sözlərinə görə, alimlərin vəzifəsi "sürətli" reaktorlarda başlanğıc yükləmədə (yəni reaktorun ilk işə salınması üçün istifadə olunan yanacaq partiyasında) işlədilən yanacağın hansı reaktordan alındığından asılı olmayaraq istənilən izotop tərkibli plutoniumun işə yarayacağını göstərmək idi.
"Biz hesablamaların köməyi ilə göstərə bildik ki, başlanğıc yükləmədə müxtəlif tərkibli plutoniumdan istifadə aktiv zonanın neytron-fiziki xüsusiyyətlərini heç bir şəkildə pisləşdirməyəcək. Biz bu problemin həllini reaktorun "istənilən plutoniumu həzm etməsi" adlandırdıq", - deyə Rodina vurğulayıb.
Bu model çərçivəsində, onun sözlərinə görə, həmçinin minor (kiçik) aktinidlərin də "tamamilə yandırılması" nəzərdə tutulur.