CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Media reyestrinə daxil edilmiş jurnalistlər hansı hallarda reyestrdən çıxarılacaq?

Media subyektlərinin media reyestrindən çıxarılma halları müəyyənləşir. Qəzetlərin davamlı yayımlanan nəşr olmasına və onlayn media subyektinin (redaksiyaları) davamlı hesab olunması ilə bağlı tələbləri pozulduqda media subyektləri media reyesterindən çıxarılacaq
Sputnik
BAKI, 10 dekabr — Sputnik. Media subyektləri mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərə cavab verməməsi halları il ərzində 3 (üç) dəfə aşkar edildikdə media reyestrindən çıxarılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu, "Media haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, qəzetlərin davamlı yayımlanan nəşr olmasına və onlayn media subyektinin (redaksiyaları) davamlı hesab olunması ilə bağlı tələbləri pozulduqda media subyektləri media reyesterindən çıxarılacaq.
Eyni zamanda aşağıdakı hallarda media subyektləri media reyestrindən çıxarılacaq:
- fiziki şəxs olan media subyekti öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;
- Media reyestrinə daxil edilmiş çap mediası və ya onlayn media subyektinin reyestr məlumatlarında dəyişiklik edildikdə dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü ərzində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqana (quruma) təqdim edilmədikdə;
- audiovizual media subyektinin lisenziyası ləğv edildikdə.
Media reyestrinə daxil edilmiş jurnalistlər aşağıdakı hallarda media reyestrindən çıxarılır:
- jurnalistin ərizəsi olduqda;
- ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;
- öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;
- işlədiyi media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında işlədiyi yeganə media subyekti media reyestrindən çıxarıldıqda;
- fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist vergi uçotundan çıxarıldıqda və ya sahibkarlıq fəaliyyəti dayandırıldıqda.
Jurnalist media reyestrindən çıxarıldıqda onun jurnalist vəsiqəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ləğv edilir və bu barədə onun veb-saytında məlumat yerləşdirilir.
Qeyd edək ki, qanun layihəsinə əsasən, media reyestrinin yaradılması nəzərdə tutulur. Reyestrə daxil edilmiş jurnalistlərə vəsiqə veriləcək.
Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib ki, media reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək.
Xatırladaq ki, "Media haqqında" qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq.
Həmçinin oxuyun:
Milli Məclisdə "Media haqqında" yeni qanun layihəsi müzakirə edilir
Dəyişikliklər büdcəyə 65 milyon manat qazandıracaq - Rəsmi