Mətbuat mərkəzi

Autizmlə bağlı bir dövlət müəssisəsinə ehtiyac var - Mütəxəssis

Sputnik
BAKI, 10 dekabr — Sputnik. Autizm ünsiyyət və davranış pozğunluğuna görə əlamətlərindən seçilir. Azərbaycanda autizm problemi, demək olar ki, həll olunmamış qalır.
Bunu Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli bu gün Sputnik Azərbaycan-ın mətbuat mərkəzində keçirilən konfransda deyib.
O bildirib ki, autizmlə bağlı kifayyət qədər maarifləndirmə işləri aparılır, sosial şəbəkələrdə autizm haqqında məlumat kifayət qədərdir: "Düşünürəm ki, dövlət səviyyəsində fəaliyyət göstərən bir mərkəz və mütəxəssilər olmalıdır".
Tədbirdə, həmçinin bu xəstəlikdən əziyyət çəkən insanların cəmiyyətə inteqrasiya problemlərinin həlli ilə bağlı müzakirələr aparılıb. Qeyd edək ki, tədbirdə Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, dövlət qurumları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Həmçinin Azərbaycanda autizm problemlərinə həsr olunmuş saytın təqdimatı keçirilib.
Azərbaycanda autizm problemi ilə bağlı konfrans
Qeyd edək ki, autizm xəstəlikdən daha çox, erkən yaşda başlayan və özünü əsasən sosial münasibətlər və ünsiyyət sahəsində göstərən inkişaf problemidir. Autizm əlamətləri daha çox iki yaşdan etibarən təzahür etməyə başlayır.
Autizm – özünü ətraf mühitdən təcrid etmək, real həyatdan uzaqlaşmaqla büruzə verir. Autizmin təzahürlər spektri çox geniş olsa da, əsas simptomlar ümumi xarakter daşıyır: sosial münasibətlərin pozulması, nitq qabiliyyətinin zəif inkişaf etməsi, ünsiyyətdən qaçmaq və s.
Azərbaycanda autizm problemi ilə bağlı konfrans
Azərbaycanda artıq neçə illərdir ki, autizmdən əziyyət çəkən uşaqların cəmiyyətə inteqrasiya imkanlarını genişləndirmək üçün iş aparılır. Pandemiyaya qədər, 2019-cu ildə autizmdən əziyyət çəkənlərin inteqrasiyası ilə bağlı sosial layihələrin sayı artırılmışdı. Rəsmi statistikaya əsasən, bu imkandan 9000 nəfər, o cümlədən, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da yararlanıblar.
Ötən il göstərilən sosial xidmətlər arasında autizmli uşaqlara qayğı xüsusi yer tutur. Bu məqsədlə 800-dən çox uşağın iştirakı ilə ayrıca layihə həyata keçirilib. Həmin layihənin 2020-2021-ci illərdə davam etdirilməsi planlaşdırılır. Layihə çərçivəsində sosial-psixoloji reabilitasiya, fizioterapiya müalicəsi, müayinələr, sosial inteqrasiya, nevropatoloqun konsultasiyasına xüsusi önəm verilib.