BAKI, 9 dekabr — Sputnik. Neft Daşlarında 2015-ci ildə baş vermiş hadisədən sonra hələ də bir nəfər itkin düşmüş sayılır. Sputnik Azərbaycan-a bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. O bildirib ki, həmin əməkdaşın - Rövşən Məmmədovun axtarış işləri davam edir.
Onun sözlərinə görə, axtarış işlərində hələ ki, nəticə əldə edilməyib: "Hava şəraiti imkan verdikcə, axtarış işlərini davam etdiririk. Bəzi günlərdə hava kəskin dəyişir və axtarış aparmağa imkan olmur. Lakin normal hava şəraitində axtarış işlərini aktiv şəkildə davam etdiririk".
Məlumat üçün bildirək ki, 2015-ci il dekabrın 4-də "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyitinin tibbi ekspertizasından sonra şəxsiyyəti müəyyənləşib. Meyit ölən neftçilərdən birinə - Bəhmən Cəfərova məxsusdur. Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.
2015-ci ildə Xəzər dənizində "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, bir neçə gün öncə, dekabrın 3-də SOCAR-ın elektrik montyoru Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb. SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Mürsəl Namazovun dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5.45 radələrində iş yerində göründüyünü qeyd edib. Daha sonra onu görən olmayıb.
Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib.
Eləcə də oxuyun:
* Helikopterlər havada: SOCAR-ın işçisi Neft Daşlarında itkin düşüb