VİDEO

Vazkeçilməz təam: Narın vətənində əsl Narşərab necə hazırlanır?

Göyçayın Ləkçıplaq kənd sakini Lətifə Əliyeva da həyətində becərdiyi nar məhsulundan hazırladığı narşərabla ailəsini dolandırır. Ətraflı videomuzda
Sputnik
Azərbaycanın bir çox ​regionlarında​ nar​ becərilsə də, onun ​əsas vətəni ​Göyçay hesab edilir. Rayonun bütün kəndlərində nar bağlarına rast gəlmək mümkündür. Fermerlər əsasən, narın Gülövşə, Balamürsəl, Vələs, Şıxbaba və şirin növlərinə üstünlük verirlər. Sentyabrın ilk günlərindən narı yığmağa başlayan fermerlər məhsulun birinci növünü Rusiyada, ikinci növünü paytaxt və region bazarlarında satırlar. Üçüncü növ məhsul isə şirə emalı zavodlarına təhvil verilir. Bundan əlavə,​ bol vitamin deposu, şəfa qaynağı olan ​nardan​​ ev şəraitində nar​ şirəsi,​ narşərab, nar​ turşusu, nar çaxırı, limonad, mürəbbə, kompot hazırlanır.
Narşərab sənaye üsulu ilə​ istehsal edilsə də, alıcılar daha çox ev şəraitində hazırlanan narşəraba üstünlük verirlər. Əlbəttə, ev şəraitində hazırlanmış narşərab öz rəng və dad xüsusiyyəti ilə müsbət mənada seçilir. Göyçayın Qarabaqqal, Ləkçıplaq, Yekəxana, Yalman və bir çox kəndlərində hazırlanan narşərablar əsasən region, bəzən də paytaxt bazarlarına çıxarılır. Düzdür, bu məhsulun hazırlanmasında qadınların xeyli zəhməti olsa da, gəlir üçün əlverşli sahədir.
Müsahibimizin sözlərinə görə, bəzən məhsulu satmaq üçün bazara çıxarmağa ehtiyac yaranmır. Bir çox alıcılar kəndə gələrək narşərabını evlərdən alıb paytaxt bazarlarına daşıyırlar. Amma bəzi ​sakinlər hazırladıqları məhsulları region bazarlarına aparmaqla, bir qədər baha qiymətə sata bilirlər. Lətifə xanımın sözlərinə gröə, indi yerli bazarda bir litri ​ 5 manata satılan narşərabın qiyməti qış aylarında ikiqat bahalaşaraq 10 manata qalxır. Adətən 20 kq​ nardan​ 12-13 kq nar giləsi, həmin dənələrdən isə​ 3 ​litr narşərab almaq mümkündür.