RUSİYA

Rusiya XİN Cənubi Qafqaz regionu ilə bağlı vəziyyəti şərh edib

Rəsmi Moskva ümid edir ki, 15 dekabrda Brüsseldə keçirilməsi planlaşdırılan iki dövlətin liderlərinin görüşünün yekununda üçtərəfli razılaşmalara sadiqlik təsdiqlənəcək.
Sputnik
BAKI, 9 dekabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə sabah Moskvada “3+3” formatında görüşün keçiriləcəyini təsdiqləyib.
Onun sözlərinə görə, "3+3" formatında görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək:

“Sabah Cənubi Qafqaz üçün “3+3” regional məsləhətləşmələr mexanizmləri formatında birinci iclası keçirilməlidir. Rusiya tərəfini həmin görüşdə xarici işlər nazirinin müavini Andrey Rudenko təmsil edəcək. Görüşün nəticələri və təmsil olunan ölkələrin tərkibi haqqında daha ətraflı sabah danışa bilərik”.

Zaxarova Gürcüstan nümayəndəsinin də bu görüşə dəvət olunduğunu, lakin onların görüşdə iştirakdan imtina etdiklərini deyib.
Mariya Zaxarova dekabrın 15-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək görüşlə bağlı suala cavabında isə deyib:
"Azərbaycan və Ermənistan liderləri arasında müntəzəm təmasları vacib hesab edirik".
Rusiya XİN rəsmisi ölkəsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına istiqamətlənən bütün səyləri alqışladığını söyləyib:
“Ümid edirik ki, 15 dekabrda Brüsseldə keçirilməsi planlaşdırılan iki dövlətin liderlərinin görüşünün yekununda üçtərəfli razılaşmalara sadiqlik təsdiqlənəcək”.
"Rusiya həm Bakı, həm də Yerevanla təmasdadır. Biz sərhəd mübahisələrinin həlli, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzərində ardıcıl işləyirik", - Zaxarova deyib.

“Tərəflərin xahişinə əsasən Rusiyanın məsləhətçi yardımı ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində işin aparılması vacibdir. Rusiya delimitasiya və demarkasiya ilə bağlı iki ölkənin nümayəndə heyətlərinin tezliklə formalaşmasını gözləyir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

M.Zaxarova qeyd edib ki, üçtərəfli işçi qrupu çərçivəsində regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması istiqamətində səylər davam edir.
Zaxarova brifinqdə Ermənistanın “Qraparak” qəzetinin Rusiya səfiri Sergey Kopırkinin geri çağırılacağı ilə bağlı xəbərinə də münasibət bildirib.
O qeyd edib ki, Rusiyanın Ermənistandakı səfiri işini davam etdirir və ölkə rəhbərliyinin qoyduğu tapşırıqları icra edir:
“Bu xəbər feykdir. Bu həqiqət deyil, dezinformasiyadır. Bizim səfir işini davam etdirir”.
Rusiya XİN rəsmisi qəzetin bu məlumatla bağlı təkzib yayacağını da bildirib.