BAKI, 9 dekabr — Sputnik. Jurnalistika sahəsində xidmət müqaviləsi əsasında işləyənlərin statusu müəyyənləşir.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu, "Media haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, "jurnalist anlayışı" xidmət müqaviləsi əsasında işləyən jurnalistləri əhatə edəcək.
Güzəşt və imtiyazların tətbiq olunacağı jurnalistlərin əhatə dairəsinin necə müəyyənləşəcəyi məlum olub
"Media haqqında" qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq.
Kütləvi informasiya - əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırılan, media subyektləri tərəfindən dərc olunan və ya yayımlanan məlumatlardır. Media kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və ya yayımlanmasını həyata keçirmək üçün istifadə olunan ələt və vasitələr, habelə onların yaratdığı informasiya mühitidir. Media subyekti əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və ya yayımlanması olan fiziki və ya hüquqi şəxsdir. Redaksiya isə veb saytlar, qəzetlər və digər dövri nəşrlərin, habelə televiziya və radio kanallarının və sifarişli yayım xidmətinin yaradıcı heyətindən ibarət bölmədir.
Layihəyə əsasən, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəklər.
Qeyd edək ki, Vergilər Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, jurnalistlərə, media subyektlərinə 5 il müddətinə vergi güzəştləri edilməsi təklif olunur. Media subyektlərinin həm mənfəət, həm ƏDV-dən azad edilməsi təklif edilir.
Onlayn media subyektinin təsisi üçün icazə tələb olunmayacaq
Onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmayacaq.
Hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" qanunda olduğu kimi, "Media haqqında" qanun layihəsində də çap mediası subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmayacağı əksini tapıb.
"Vətəndaş jurnalistikası" fəaliyyəti "Media haqqında" qanun ilə tənzimlənməyəcək
"Media haqqında" qanun layihəsinin predmeti media subyektləri və jurnalistlərin media sahəsində fəaliyyətləri ilə bağlı münasibətlərdir. Bu, "Media haqqında" qanun layihəsinə dair əsaslandırma"da əksini tapıb.
Qeyd edilib ki, "Vətəndaş jurnalistikası" adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu Qanunun təsir dairəsinə daxil deyil.
Sosial şəbəkələrin fəaliyyəti və internet televiziyaların lisenziyası
İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımayacaq. Bu "Media haqqında" qanun layihəsində əksini tapıb.
Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.
Həmçinin "Media haqqında" qanun layihəsi sosial şəbəkələrin və blogerlərin fəaliyyətini tənzimləməyəcək.