HADİSƏ

"Azərişıq": "Əməkdaşımızın maşınını yandıran şəxs ötən il də oğurluq edib"

"Azərişığ"ın əməkdaşı ikinci dərəcəli yanıq xəsarəti alıb və dərhal həkimə çatdırılıb.
Sputnik
BAKI, 9 dekabr — Sputnik. Lənkəran şəhər sakini Sabir Əliyev bu gün səhər saat 08.05-də "Azərişıq" ASC Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) binasının yaxınlığına gələrək qurumun əməkdaşı, nəzarətçi-mühəndis Kərimov Raufa məxsus LADA (VAZ) 2115 markalı, 42 BO 756 dövlət nömrə nişanlı avtomobili yandırıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin məlumatında deyilir.
Bildirilir ki, hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
"Ona məxsus dülgər sexində hələ ötən ilin aprel ayında sayğaca baxış keçirilən zaman kənar xətdən istifadə (oğurluq) etdiyi aşkarlanıb və ona nəzarətçi-mühəndis Rauf Kərimov akt yazıb. Daha sonra "Azərişıq" əməkdaşı həmin abunəçinin fiziki təzyiqinə məruz qalıb. Həmin şəxsin bu əməli ilə bağlı hələ o vaxt yerli polis orqanına müraciət edilib. Sonradan məhkəmə zamanı tərəflər arasında barışıq elan olunub.
Yanğın zamanı əməkdaşımız Rauf Kərimova məxsus avtomobil, həmçinin özünə və ailəsinə aid sənədlər tamamilə yanıb. Əməkdaşımız özü isə ikinci dərəcəli yanıq xəsarəti alıb və dərhal həkimə çatdırılıb.
Hadisənin araşdırılıb ciddi tədbir görülməsi ilə bağlı "Azərişıq" hüquq-mühafizə orqanlarına müraciət edib", - qurumun məlumatında deyilir.
Eləcə də oxuyun:
* "Azərişığ"ın 17 milyon kilovat/saatını oğurlayıblar
* Çoxmənzilli binalarda quraşdırılan elektrik sayğaclarının pulunu kim verəcək?
* "Azərişığ"ın əməkdaşı minaya düşüb