İQTİSADİYYAT

Nazir qadın və kişilərin maaşları arasında fərqlərin olduğunu dilə gətirib

Nazirin sözlərinə görə, əsas hədəflər “Əmək Münasibətləri” Alt Sisteminin (ƏMAS), ölkənin məşğulluq xəritəsinin, məşğul şəxslərin reyestrinin, elektron əmək birjasının, Mərkəzləşdirilmiş Karyera Portalının və s. yaradılmasıdır.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, ölkədə kişi və qadınların əməkhaqqında fərq var. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə nazir Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı bildirib.
S. Babayev bildirib ki, Azərbaycanda kişilər və qadınların əməkhaqlarında fərq hələ də qalmaqdadır: “Bu məsələnin həllini tapması üzərində iş aparılır. Eyni zamanda, qadınların məşğulluq xidmətləri ilə əhatələnməsi artırılmalıdır. Bundan əlavə, hər bir işsiz kimi qeydiyyata alınan şəxsin fərdi məşğulluq planı hazırlanacaq, bununla da aktiv məşğul əhalinin ən azı yarısının işlə təmin olunması nəzərdə tutulub.
Onun sözlərinə görə, “Məşğulluq” altsistemində 110 min vakansiya qeydiyyata alınıb, hazırda 14 min aktiv vakansiya var. Nazir bildirib ki, son 4 ildə minimum əmək haqqı 2 dəfə, orta əmək haqqı isə 4 dəfə artıb: “Ən əsası median əmək haqqının artırılması məsələsidir. Median əmək haqqı son 4 ildə 75 faiz artıb. Median əmək haqqı aşağı gəlirli insanlar üçün çox əhəmiyyətlidir”.
S.Babayev qeyd edib ki, əsas hədəflər “Əmək Münasibətləri” Alt Sisteminin (ƏMAS), ölkənin məşğulluq xəritəsinin, məşğul şəxslərin reyestrinin, qeyri-formal məşğulluğa nəzarət və monitorinq-səyyar yoxlama sistemlərinin, elektron əmək birjasının, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılmasıdır.
Nazir peşəyönümü məsləhət xidməti və karyera planlamasının rolunun artırılması, 1000-dək peşə və kvalifikasiya standartının hazırlanması və s. işlərin davam etdiyini qeyd edib: “Gələcək fəaliyyətə Karyera Mərkəzinin fəaliyyətə başlaması, uşaqlara peşə vərdişlərinin aşılanması üçün Cənubi Koreya modeli olan karyera şəhərciyinin qurulması, əmək yarmarkalarının təşkili, peşə mobilliyinin genişləndirilməsi və digər tədbirlər də daxildir”.
Xatırladaq ki, nazir daha öncəki çıxışlarının birində də gender probleminə toxunmuşdur. O bildirmişdir ki, demoqrafiyanın digər vacib tərəfi əhalinin cins nisbətidir: "Bildiyiniz kimi müəyyən səbəblərdən cins nisbəti fərqləri yaranmışdı. Əgər bir müddət əvvəl 100 qadına —118 kişi düşürdüsə, görülən işlər nəticəsində bu nisbət dəyişib və indi 100 qadına 114 kişi düşür. Cins nisbətinin tarazlığının qorumasında təbliğat işinin böyük önəmi var. Bu nöqteyi-nəzərdən maarifləndirmə işləri davam etdirilir. Bu istiqamətdə görülən işlər öz bəhrəsini verir. Hesab edirəm ki, arzuolunan nəticəni əldə edəcəyik".