CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmək bazarına ilk dəfə daxil olan şəxslər çətinliklərlə üzləşirlər - Nazir

Sahil Babayev deyib ki, yeddi min şəxs peşə hazırlığına, 292 min şəxs peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib, 8485 şəxsə işsizlikdən sığorta təyin olunub.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Əmək bazarına ilk dəfə daxil olan şəxslər bir çox hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkədə hər il əmək bazarına təxminən 100 mindən çox gəncin daxil olmasının əmək qabiliyyətli əhalinin, o cümlədən gənclərin layiqli məşğulluğunun təmin olunması kimi qarşıya mühüm vəzifə qoyur. Nazir qeyd edib ki, ixtisaslı işçi qüvvəsinin iqtisadi fəal əhalidə xüsusi çəkisi 35%-dən çox deyil. Nazir çıxışı zamanı digər önəmli məsələyə də toxunub, bildirib ki, son 4 ildə əmək müqavilələrinin sayı 30% artaraq 1 milyon 685 minə çatıb. Onun sözlərinə görə, nəticədə əməkhaqqı fondu 92% artıb:

"Dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxs ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib: "Yeddi min şəxs peşə hazırlığına, 292 min şəxs peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib, 8485 şəxsə işsizlikdən sığorta təyin olunub. Bu ödənişlərdə də 30% artım olub".

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Məcəlləyə yeni 539.1-1-ci maddənin əlavə edilməsi təklif olunur.
Həmin əlavədə bildirilir ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının icra edilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə ediləcək. Məcəllənin bir sıra maddələrində bəzi ifadələrin digərləri ilə əvəz olunması ilə bağlı düzəlişlər də nəzərdə tutulub.
Qeyd edək ki, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda qeyd edilib ki, qanun layihəsi əmək münasibətləri zamanı işçilərin pozulmuş hüquqlarının bərpa edilməsi, işəgötürənlərin cərimə ödəmək əvəzinə, işçilərin hüquqlarını bərpa etməyə marağının yaranması məqsədilə hazırlanıb.
Komitə sədri Musa Quliyev bildirib ki, dəyişikliklər vətəndaşın və işçinin sosial və əmək hüquqlarının daha yüksək səviyyədə qorunmasına xidmət edir.
Həmçinin oxuyun:
Nazir qadın və kişilərin maaşları arasında fərqlərin olduğunu dilə gətirib