MƏDƏNİYYƏT

Abbasqulu Ağa Bakıxanovun qiymətli yadigarı bu gün doğum gününü qeyd edir

Tofiq Bakıxanovun müxtəlif janrlı, rəngarəng məzmunlu əsərləri ifaçıların repertuarına daxil olaraq, həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda (Fransa, Rusiya, Türkiyə, Kipr, İran və s.) teatr və konsert salonlarının bəzəyi olub.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Tofiq Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun (təxəllüsü Qüdsi) nəticəsidir.
Tofiq Bakıxanov ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə respublikanın Əməkdar müəllimi M. İ. Simberovdan alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil almış, buranı 1953-cü ildə skripka ixtisası (Aleksandr Amitonun sinfi), 1957-ci ildə isə bəstəkarlıq ixtisası üzrə (professor Q. Qarayevin sinfi) bitirib.
Tələbəlik illərində T. Bakıxanov ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışıb.
T. Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.
Qeyd edək ki, bəstəkarın 90 illiyi ilə əlaqədar Milli Kitabxanada T.Bakıxanovun anadan olmasının 90 və yaradıcılıq fəaliyyətinin 70 illiyi ilə bağlı not nəşrləri və kitablarından ibarət sərgi açılıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında iki balet - "Xəzər balladası", "Xeyir və Şər" nümayiş olunub. Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan musiqisi zalında iki tədbir - T.Bakıxanovun kamera-instrumental əsərlərindən, həmçinin tar və fortepiano üçün əsərlərindən ibarət konsert səslənib.