BAKI, 7 dekabr — Sputnik. Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımı gözlənilir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov deyib.
"Zəngəzur dəhlizi hələ sovet dövründə regionumuzun əsas dəhlizi və yüklərin aşırılması üçün logistika qovşağı hesab olunurdu. O vaxt onun imkanları ildə 3 milyon ton təşkil edirdi. Biz Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımını gözləyirik. Limanın yükaşırma həcmlərinin artırılmasına hazırlanması üçün işlər aparılır. Biz həm də hesab edirik ki, qonşu ölkələrin limanları ilə əlaqələrin qurulması bizi regional iştirakçıya çevirəcək. Bu gün biz bir sıra ölkələr üçün yük tranzitində qovşaq qismində çıxış edirik", - deyə T.Ziyadov bildirib.
Qeyd edək ki, Zəngəzur dəhlizi – Zəngəzur (indiki Ermənistanın Sünik rayonu) ərazisindən keçən, Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyə imkan verəcək nəqliyyat dəhlizidir.
Azərbaycandan Naxçıvana gedən və vaxtilə sökülən dəmir yolunun bərpası Qarabağla bağlı üçtərəfli bəyanatın tələblərindən biridir.
Oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin komponentlərindən birinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyublar.
Həmçinin oxuyun: