İQTİSADİYYAT

İsşizlikdən sığorta ödənişinin alınması üçün üç aylıq gözləmə müddəti ləğv edilir

Sənəddə, eyni zamanda, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. İsşizlikdən sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddəti ləğv edilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə dekabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.
Adil Vəliyev qeyd edib ki, “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihədə işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi, həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi ilə bağlı yeni müddəalar nəzərdə tutulub.
Sənəddə, eyni zamanda, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur. Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq. Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi.
Dəyişiklik parlamentin plenar iclasına tövsiyə edilib.