BAKI, 7 dekabr — Sputnik. Rusiya regionları Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir – bu fikri Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda Həştərxan Biznes Mərkəzinin açılış mərasimində səsləndirib.
"Əməkdaşlığın siyasi, iqtisadi, mədəni və digər formaları yüksək templə inkişaf edir. Bu gün Həştərxan vilayətinin nümayəndə heyətini səmimi şəkildə qəbul edən Azərbaycan prezidenti dedi ki, əməkdaşlığımızın bütün istiqamətləri müsbət göstəricilərlə inkişaf edir", - deyə diplomat vurğulayıb.
Çərşənbə axşamı günü, dekabrın 7-də Rusiya Federasiyası Həştərxan vilayətinin nümayəndə heyətinin qubernator İqor Babuşkinin başçılığı ilə Azərbaycana səfəri çərçivəsində Həştərxan Biznes Mərkəzinin açılış mərasimi keçirilib.
Bakıda Həştərxan Biznes Mərkəzi
© Sputnik / Murad Orujov
Keçirilməsi nəzərdə tutulan tədbirlər çərçivəsində Azərbaycanın paytaxtında Həştərxan Dövlət Universitetinin Təhsil, Elm və Texnologiya Mərkəzinin ofisinin açılışı da var. Eləcə də, Bakıdakı Həştərxan Biznes Mərkəzi ilə Həştərxandakı Azərbaycan Biznes Mərkəzi arasında əməkdaşlıq sazişinin imzalanması gözlənilir.
Həştərxandakı Azərbaycan Biznes Mərkəzi 2018-ci ilin may ayından fəaliyyətə başlayıb, 2017-ci ilin dekabrında isə Bakıda Həştərxan Biznes Mərkəzinin tikintisinin təməli atılıb.
2020-ci ilin yekunlarına əsasən, Azərbaycan Həştərxan vilayətinin beş ən böyük ticarət tərəfdaşından biridir. Həştərxan vilayətinin ticarət balansının 1,8%-i Azərbaycanın payına düşür.
Əsas ixrac-idxal əməliyyatları xüsusi maşınqayırma məmulatları, dənli bitkilər, taxta və sellüloz-kağız məmulatları, yağlar, gəmilər, qayıqlar və üzən konstruksiyalar, meyvə və qoz-fındıq, qara metallurgiya məmulatları, metal konstruksiyalar, avadanlıq və mexaniki qurğularla əlaqədardır.
Həmçinin oxuyun: