CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Məktəbə bıçaqla gələn" şagirdlə bağlı rəsmi açıqlama

Dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Bakı şəhəri 282 nömrəli tam orta məktəbin VII sinif şagirdinin davranışı ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi və DİN əməkdaşları araşdırma aparır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, məktəbdən verilmiş ilkin məlumatda qeyd olunur ki, məktəbin 7ç sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir:
"Həmin şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbiləşərək müəllimlərə də xəsarət yetirir. Şagirdin anası da psixoloji cəhətdən qüsurludur".
Daha sonra məlumatda bildirilir ki, dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib:
"Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir".
O da bildirilir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətlərinin tənzimlənməsini hər zaman diqqət mərkəzində saxlayır:
"Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar aparılır.
"Rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbədir. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatı yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq".
Qeyd edək ki, sosial şəbəkələrdə Paytaxtın Suraxanı rayonu 282 saylı orta məktəbində nizam-intizam qaydalarının kobud şəkildə pozulduğu iddia edilib. Paylaşımda iddia edilir ki, məktəbdə sagird sinifdə şalvarını çıxarır, qız uşaqlarını küçə söyüşləri ilə təhqir edir və buna səlahiyyəti şəxslər müdaxilə etmir:
"Yeddinci sinifdə təhsil alan şagird müəllimləri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir, polisə müraciət olunur, anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edir. Amma polis gözünün qarşısında baş verən bu cinayətə reaksiya vermir, tədbir görmür. Böyük ehtimalla, o uşaq kimisə bıçaqlayacaq. Əlacı kəsilən valideynlər məktəbin qarşısında etiraz aksiyası keçirmək istəyirlər".
Həmçinin oxuyun:
Paytaxt məktəbində şagirdin neqativ hərəkətləri ilə bağlı iddialar yoxlanılır