SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan bütün dünyaya Azərbaycandan şikayətlənir. Bakıda bu barədə nə düşünürlər

Ermənistan Xarici İşlər Nazirliyinin diplomatlarının Azərbaycan tərəfini bütün bəşəri günahlarda ittiham etmək cəhdinin təzahürü olan açıqlaması Bakını təəccübləndirmədi və bu cür hücumları Yerevanın vaxtı uzatmaq cəhdi kimi qiymətləndirdi.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Yerevan yenidən Bakıdan şikayətlənir. Üstəlik bütün beynəlxalq ictimaiyyətə. Və bütün bunlar sadəcə Zəngəzur dəhlizinin açılış tarixini açıqlamaq əvəzinə atılan addımdır.
Erməni diplomatların bu cür həyəcanlanmasına səbəb Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dünənki bəyanatı olub.
"Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxırlar, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar, qarşılıqlı anlaşma yolu ilə həll olunsun", - deyə dövlət başçısı vurğulayıb.
Erməni diplomatlar bu dəfə də çox tələsərək özlərinə xas üslubda reaksiya verdilər.

Onlar dəhliz məsələsini xatırlamamağı xahiş edirlər

Bakını "Ermənistana qarşı güc tətbiq etməkdə" ittiham edən qurum Azərbaycan rəhbərliyini "təxribat xarakterli ritorikadan və hərəkətlərdən çəkinməyə, regional kommunikasiyaların bərpasına dair razılaşmaların həyata keçirilməsinə mane olmamağa" çağırıb.
SİYASƏT
Prezidentin köməkçisi Soçi görüşü barədə: Azərbaycan tərəfindən müsbət qiymətləndirilir
Ermənistan Xarici İşlər Nazirliyi növbəti dəfə üçtərəfli bəyanatlarda Azərbaycana dəhliz verilməsi ilə bağlı öhdəliklərin, şərtlərin və ya razılaşmaların olmadığı barədə danışmağa başlayıb. Və onlar Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun "dövlətlər öz ərazilərindən keçən nəqliyyat marşrutları üzərində suverenliyini qoruyur və sərhəd-keçid nəzarəti növləri qarşılıqlı əsasda həyata keçiriləcək" sözlərini sitat gətirirlər.
Bundan əvvəl Overçuk həmçinin bildirib ki, "dəhliz məsələsi üçtərəfli işçi qrupunda müzakirə olunmur".
Buna əsasən, idarə belə qənaətə gəlib ki, Azərbaycan Prezidentinin bəyanatları "dağıdıcı, təxribat xarakterli məqsədlərə malikdir, Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə yaradır". Ermənistanın özü də "üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir və onların tezliklə həyata keçirilməsinə hazırdır".
Sonda rəsmi Yerevan Rusiyanı, KTMT-ni, BMT Təhlükəsizlik Şurasını, ATƏT-in Minsk Qrupunu və bütün beynəlxalq ictimaiyyəti "rəsmi Bakının Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidlər səsləndirməkdə davam etdiyinə və insan hüquqlarının, o cümlədən BMT nizamnaməsinin əsas prinsiplərini pozmasına" diqqət yetirməyə çağırıb.
Bununla yanaşı, Ermənistan Xarici İşlər Nazirliyi, təbii ki, Rusiya prezidenti Vladimir Putinin Soçidə azərbaycanlı və erməni həmkarları ilə görüşündə dediyi sözləri yada salmayıb.
"Biz iqtisadi xarakterli məsələlərdən, iqtisadi əlaqələrin inkişafından və hər şeydən əvvəl, ilk addım olaraq nəqliyyat dəhlizlərinin bərpasından çox ətraflı danışdıq. Bu, həm dəmir yoluna, həm də avtomobil əlaqəsinə aiddir", - deyə Rusiya lideri danışıqlardan sonra bildirib.
Yəni dəhlizlər var. Ancaq Bakıda Yerevandan başqa heç nə gözləmirdilər.

Yerevan vaxtı uzadır

İqtisadçı İlqar Vəlizadə Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, Azərbaycan Prezidentinin dünənki açıqlamaları bir daha onu təsdiqləyir ki, Ermənistan tərəfi üçtərəfli komissiya çərçivəsində nəqliyyat marşrutlarının və iqtisadi əlaqələrin bağlanması ilə bağlı qərarların qəbulunu yubatmaq niyyətindədir.
"Güman etmək olar ki, Soçidə keçirilən son görüşdə tərəflər bütün prinsipial fikir ayrılıqlarını həll edərək, bu mövzu üzərində ətraflı danışıblar. Ancaq baş nazirin müavinləri yenə də Ermənistan təmsilçisinin yubanmasına görə görüşün qeyri-müəyyən müddətə təxirə salınmasına qərar verdilər", - deyən Vəlizadə əlavə edib ki, bu, Ermənistan tərəfinin görüşün ilk gününün yekunlarına əsasən açıqlamalarında bəlli oldu.
İqtisadçı əmindir ki, regionun konkret addımlara ehtiyacı olduğu bir vaxtda mühüm görüşlərin təxirə salınması yanlış qərardır və bu, yalnız Yerevanın zamanla oynadığını göstərir.

Ancaq qərar vermə vaxtı gəlir

"Valday" klubunun eksperti Fərhad Məmmədov da eyni fikirdədir.
"Görünür ki, Ermənistanın baş naziri Nikol Paşinyan qondarma "Demokratik sammiti"ndə çıxışı zamanı ölkənin geosiyasi vektorunun dəyişdirilməsi və ya bu prosesin əsasını qoyacaq bəyanatla çıxış edəcək. Ermənistan tərəfinin tədbirləri və bəyanatları Paşinyan hökumətinin mühüm qərarlara hazırlaşdığını nümayiş etdirir", - Məmmədov hesab edir.
Məmmədov sammitdə xarici siyasət prioritetlərinin dəyişdirilməsi istiqamətində tam dönüş və sammitə dəvət edilməyən Rusiya, Azərbaycan və Türkiyə liderləri ilə razılaşmaların rədd edilməsini nəzərdə tutan bəyanatların verilə biləcəyini istisna etmir.
"Qarabağla bağlı əldə edilmiş razılaşmaların həyata keçirilməsinə başlamaq, ya da ondan imtina etmək vaxtı daralır və qərar qəbul etmək vaxtı gələcək. Paşinyan vaxtı uzatmaq üçün çox şey edə bilər", - deyə ekspert fikrini yekunlaşdırıb.

Azərbaycan XİN-dən qarşı tərəfə cavab

"Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin ölkənin Quba rayonunda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərin, imzalanmış üçtərəfli bəyanatlara guya uyğun olmaması və Ermənistanın ərazi bütövlüyünə təhdid təşkil etməsi iddiası Ermənistan tərəfinin öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını gizlətmək, öz əhalisində əsassız fobiyalar yaratmaq və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələdən yayındırmaq cəhdidir", - Azərbaycan XİN-in bir qədər əvvəl yaydığı şərhində bildirilir.
SİYASƏT
"Bəs Azərbaycan Laçın dəhlizini bağlasa, Ermənistan nə edəcək?!" - Azər Kərimli
"Azərbaycan tərəfi dəfələrlə və ən yüksək səviyyədə üç ölkə liderinin imzaladığı birgə bəyanatların icrasının vacibliyini vurğulayıb, tərəfimizdən bu istiqamətdə konkret addımlar atılıb. Ermənistan isə üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq müxtəlif bəhanələrlə öhədliklərini yerinə yetirmir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törədir. Azərbaycanın Qarabağ bölgəsinə əsassız iddialarından hələ də əl çəkməyən, revanşizm sərgiləyən Ermənistan Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir.
30 ilə yaxın Azərbaycanın ərazilərini qanunsuz işğal altında saxlayan və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayan Ermənistan XİN-inə, indi saxta əsaslarla beynəlxalq ictimaiyyətə üz tutmaqdansa, öz ölkə liderlərinin imzaladığı bəyanatları diqqətlə oxumağı və bu sənədlərlə üzərilərinə götürdükləri öhdəliklərin icrasına keçməyi tövsiyə edirik", - Azərbaycan XİN-də ermənistanlı həmkarlarına məsləhət görüblər.