İQTİSADİYYAT

Bu il Azərbaycanda qeyri-neft məhsullarının ixracı rekord həddə çatacaq

Mikayıl Cabbarov qeyd edib ki, dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində səylər davam etdirilir.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Yenilənmiş proqnozlara görə, bu il Azərbaycanda qeyri-neft məhsullarının ixracı rekord həddə çataraq 2,6 mlrd. ABŞ dollarını ötəcək.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.
Nazir qeyd edib ki, dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində səylər davam etdirilir.
Qeyd edək ki, 2021-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 41,1 faiz, real ifadədə 28,7 faiz artaraq 1809,1 milyon dollar təşkil edib.
Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (25,2 faiz), İsveçrəyə (9,6 faiz), Gürcüstana (6,7 faiz), ABŞ-a (3,0 faiz), Ukraynaya (2,0 faiz), Braziliyaya (1,7 faiz), Çinə (1,5 faiz), Belçikaya (1,5 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,2 faiz), Birləşmiş Krallığa (1,1 faiz), Niderlanda (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.