BAKI, 6 dekabr — Sputnik. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinin üzvü ölüb. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Məlumatda bildirilir ki, ötən gün saat 21:20-da 2002-ci il təvəllüdlü Qor Martirosyanın cəsədi tapılıb.
Hazırda faktla bağlı araşdırmalar aparılır. Martirosyanın ölüm səbəbi dəqiqləşdirilir.
Bundan əvvəl Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuza hücum edərkən zərərsizləşdirilən erməni təxribatçının cəsədi Ermənistana təhvil verilib.
Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib ki, erməni hərbi təxribatçısı Seyran Sarkisyanın meyiti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülməramlılarının iştirakı ilə Qırmızı bazar ərazisindən qarşı tərəfə verilib.
Ümumilikdə erməni mətbuatının noyabrın 26-na olan məlumatına görə, 44 günlük müharibədən sonra Azərbaycan tərəfi 1702 erməni hərbçinin cəsədini Ermənistana təhvil verib.
Rusiya sülhməramlılarının Azərbaycanda müvəqqəti yerləşdirilməsi
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Eləcə də oxuyun:
* Xocavənddə daha bir erməni cəsədi aşkarlanıb, digəri sülhməramlılara təhvil verilib