BAKI, 6 dekabr — Sputnik. Qarabağ müharibəsi bizim hamımızın Qələbəsidir.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşü zamanı deyib.
"Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırırdı. Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır", - prezident deyib.
Dövlət başçısı bildirib ki, quruculuq işləri həm Qarabağda, həm də Zəngəzurda aparılır:
"Eyni zamanda bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər.
Ona görə hələ ki gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq. Çünki biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü".
***
Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.
Onlara təhsil müəssisəsində görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbin əvvəlki binası 1971-ci ildə inşa olunmuşdu və son illər tam yararsız vəziyyətdə idi. İndi isə şagirdlər Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş tam yeni məktəbdə təhsillərini davam etdirəcəklər.
Müasir standartlara cavab verən yeni məktəbin inşası keyfiyyətli və bərabərhüquqlu təhsil imkanının yaradılması deməkdir.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar
Birinci Nügədi kənd orta məktəbin şagirdləri indiyədək müxtəlif fənn olimpiadalarında müvəffəqiyyət qazanıb, məzunlar yüksək balla ali məktəblərə qəbul olublar. Təkcə son 4 ildə məktəbin 5 şagirdi 600-dən çox balla tələbə adını qazanıb.
Dövlət başçısı, birinci xanım və qızları yeni məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəziblər.
Qeyd edək ki, müasir infrastruktur tədrisin keyfiyyətinə birbaşa müsbət təsir göstərən amillərdəndir. Əminliklə demək olar ki, bundan sonra Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbin şagirdləri daha böyük uğurlar qazanacaqlar.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfərə gəliblər.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olub, “Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev "Quba ABAD Factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında
Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib.
Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə, Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub və Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşüb, qəsəbə sakinləri ilə birgə ulu öndər Heydər Əliyevin Qonaqkənd qəsəbəsində ucaldılan abidəsinin önünə gül dəstəsi qoyublar.
Sonda xatirə şəkli çəkdirildi.