HƏRBİ

Müdafiə naziri Pakistana başsağlığı ünvanladı, müavini isə Moskvaya getdi

Zakir Həsənov bildirib ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri onu dərindən kədərləndirib.
Sputnik
BAKI, 6 dekabr - Sputnik. Azərbaycan müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov dekabrın 6-da Rusiya paytaxtı Moskva şəhərinə yola düşüb.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə isttinadla xəbər verir ki, o, hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 14-cü iclasında iştirak edəcək.
Səfər dekabrın 9-dək davam edəcək.
***
Bu arada Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın federal müdafiə naziri cənab Pervez Xattaka, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya və Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya başsağlığı ünvanlayıb.
Başsağlığı mətnində deyilir:
"Hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".