BAKI, 5 dekabr — Sputnik. Aran bölgəsində, xüsusilə də Yevlax rayonunun kəndlərində son günlər mal-qaraya, qoyun-quzuya canavar, çaqqal hücumları artıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, vəhşi canlılara daha çox Xaldan qəsəbəsi, Ərəş, Aşağı Bucaq kəndləri ərazilərində rast gəlinir.
Maraqlı məqam odur ki, yırtıcılar havalar qeyri-sabit keçdikdə, yağış, külək, duman olduqda ev heyvanlarına hücumu intensivləşdirirlər.
Yevlaxda məskunlaşan Kəlbəcər rayon Ağyataq kənd sakini İlham Zamanov
© Sputnik / Rahim Mammadov
Yevlaxda məskunlaşan Kəlbəcər rayon Ağyataq kənd sakini İlham Zamanov, Xaldan qəsəbəsi ətrafında heyvanları otaran zaman qəfil iki canavar onun qoyun sürüsünə soxulub. Həyəcanına qalib gələrək yırtıcıların üzərinə gedən çoban, özünü də təhlükəyə atıb. O, Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində xırdabuynuzlardan aralanan canavarların onun üzərinə gəldiyini bildirib:
"Səhər o başdan idi, qatı duman da vardı. Qoyun-quzunu çıxarıb otlağa gətirdim. Xaldan ətrafında üzü Mingəçevir istiqamətində heyvanlar səpələnib otlayırdı. Qəfil yığıldılar bir yerə. Özüm də həyəcanlandım ki, görəsən nə baş verib?! Dumandan göz gözü görmürdü, bir az qamışlığa tərəf gedəndə iki canavar qarşıma çıxdı. Anidən sanki nitqim kəsildi. Həyəcan, qorxu məni boğurdu, səs çıxardıb onları qovmaq istəyirdim, amma səsim çıxmırdı. Amma bildim ki, nəsə etməsəm, sürünü məhv edəcəklər. Birtəhər özümdə güc tapıb, əlimdəki zopaynan onları qova bildim. Amma yenə də bir qoyunu yaraladılar".
Xaldanda canavarlar sürüyə hücum ediblər
© Sputnik / Rahim Mammadov
Kən sakininin sözlərinə görə, bir gün əvvəl də qonşu kəndlərdə bir neçə heyvanı yaralayıb, ikisini parçalyıblar. At, ulaq, hətta iribuynuzlu heyvanlara da hücum edirlər.
"Qoyunlarıma hücum edən zaman canavarlardan biri sürüdən aralaşıb mənə doğru gəlməyə başladı. Qıçıb çökəklikdə aşağı çökdüm. Çox təhlükəlidirlər. Nə etmək olar. Canavarlarla bərabər çaqqalar da heyvanlara hücum edir. Bir az diqqətsizlik etsək, məhv edərlər. Sanki hiss edirlər ki, silahsızıq, ona görə də rahatlıqla öz şikarlarının arxasınca düşürlər."
Daha çox soyuq, küləkli, dumanlı havalarda ova çıxan canavarlar bir müddət öncə də Yevlaxın Ərəş kəndində sakinlərə məxsus sürüyə soxulub, bir neçə baş qoyunu parçalamışdı.