HADİSƏ

Xarici vətəndaşlar qonaq gəldikləri Goranboyda ölüblər, azyaşlı bacılar isə zəhərləniblər

Türkiyə vətəndaşları - 1967-ci il təvəllüdlü Cavid Özoğul və 1971-ci il təvəllüdlü Mustafa Zəngin qonaq gəldikləri Goranboy rayonunun Qarasüleymanlı kəndində dəm qazından zəhərlənərək ölüblər.
Sputnik
BAKI, 5 dekabr - Sputnik. Bu gün Goranboy rayonunda 3 nəfərin dəm qazından zəhərlənməsi halı baş verib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə Qarasüleymanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, Türkiyə vətəndaşları - 1967-ci il təvəllüdlü Cavid Özoğul və 1971-ci il təvəllüdlü Mustafa Zəngin dəm qazından zəhərlənərək ölüblər. Onların rayona qonaq gəldiyi bildirilir.
Hadisə zamanı həmçinin 1981-ci il təvəllüdlü Nüsrət Yolçuyev də dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.
İki azyaşlı bacı da dəm qazından boğulub
Goranboyda dəm qazından digər zəhərlənmə faktı rayonun Qazanbulaq kəndində qeydə alınıb.
Kənd sakinləri 2010-cu təvəllüdlü Xudaquliyeva Ayşə Füzuli qızı və bacısı 2012-ci il təvəllüdlü Şamama yaşadıqları evin vanna otağında dəm qazının sızması nəticəsində zəhərləniblər.
Xəstəxanaya yerləşdirilən bacıların vəziyyəti normaldır.
Bərdədə ana və uşaq da dəm qazından ölüb
Qeyd edək ki, bu günlərdə Bərdə şəhərinin mərkəzində, çoxmənzilli yaşayış binasında Yevlax rayon sakini, 1995-ci il təvvəlüdlü Yusifova Ayşən Eldəniz qızı və övladı, 2019-cu il təvvəlüdlü Əliyev Tunar Vüsal oğlu yaşadıqları evdə dəm qazından boğulublar.
Qonşuların sözlərinə görə, fakt baş verməzdən əvvəl xanımı həyətdə görüblər. Amma axşam saatlarından sonra nə qadın, nə də uşaq gözə dəyib. Həmin gün ailə başçısı da evə gec gəlib. O gələndə isə artıq iş-işdən keçibmiş.
Hadisə yerində olan şahidlərin verdiyi məlumata görə, həyat yoldaşı evə gələndə qadın hələ sağ imiş. Qapıya gələ bilməsə də huşu özündə olub. Həyat yoldaşı pəncərələrin birinə yaxınlaşanda oradan səs gəldiyini eşidib. Yıxılan qadın huşunu itirmək üzrə imiş. Yoldaşı təcili tibbi yardım çağırıb. Təcili yardım gələndə isə artıq gec olub. İki yaşlı Tunar və anası, 25 yaşlı Ayşən xanım həyatlarını itiriblər.
Həmçinin oxuyun:
Bərdədə faciə: Xəstə sanıb xilasediciləri gözlədilər, iki həyat söndü