İki il ərzində layihə koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Təşkilatçılar nümayişi bərpa etdilər, ancaq günlərin sayını azaltdilar. Builki "Azerbaijan Fashion Week"in (AFW) şüarı "Qayıdış/The return", simvolu isə Qarabağ ərazisində bitən endemik çiçək - Xarı Bülbül oldu.
Butik sahiblərinə, trend ekspertlərinə, mətbuat nümayəndələrinə və sadəcə Moda Həftəsinin qonaqlarına dizaynerlərlə birbaşa ünsiyyət qurmaq, mövsüm yenilikləri haqqında öyrənmək, yeni adlar kəşf etmək imkanı verən ənənəvi nümayiş salonu təqdim olunub.
"Azərbaycanda Moda Həftəsinin keçirilməsi dizaynerlər üçün parlaq hadisədir, yeni trendlər nümayiş etdirmək, təcrübə mübadiləsi aparmaq, müştərək layihələr həyata keçirmək və pandemiya zamanı həqiqətən də ehtiyac duyulan, sadəcə mehriban və dostluq mühitində ünsiyyət qurmaq imkanıdır", - deyə Qazaxıstandan olan AFW-nin baş prodüseri Sayat Dossıbəyov qeyd edib.
"Azerbaijan Fashion Week" belə bir tədbiri qaçıra bilməyən ölkənin bütün modapərəstlərini bir araya toplayıb.
Qonaqlara kolleksiyalar Azərbaycan və Qazaxıstandan olan modelyerlər tərəfindən təqdim olunub.
Dizayner Aygül Əlizadə ağ və pastel tonlarda ipək, orqanza və atlazdan hazırlanmış, əl işləri və lələklərlə bəzədilmiş geyimlər təqdim edib.
Nübar Paşazadə şalvar kostyumları, qısa məxmər paltarlar və qadın gecə paltarlarından ibarət daha eklektik kolleksiya nümayiş etdirib.
Əməkdar incəsənət xadimi, rəssam-modelyer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfovadan yeni kolleksiyanın əsas mövzusu Qarabağ olub. Xüsusilə bu nümayiş üçün dizayner Xarı Bülbül çiçəyinin unikal çapını yaradıb.
Qazaxıstandan olan məhşur dizayner və stilist Aleksey Çjen kişilər və qadınlar üçün "ready-to-wear" kolleksiyasını nümayiş etdirib. Mürəkkəb biçim, minimalist, ancaq orijinal dekor və təmkinli rəng ahəngi dizayner kolleksiyasının fərqləndirici xüsusiyyətləridir.
"L'Ora Atelier" bu Moda Həftəsində klassik və orijinal biçimli mürəkkəb dekor və nadir, məsələn, "güzgülü" atlas kimi parçalardan ibarət qadın və yüngül axşam libaslarını nümayiş etdirib.
Dizayner Kübra Nuriyeva "Azerbaijan Fashion Week"də təqdim olunan kolleksiyada əsasən Qarabağ mövzusuna yer verib. Təqdim olunan geyimlərin parçalarında parlaq çap olunan memarlıq abidələri, Xudafərin körpüsü, Gövxar Ağa Yuxarı məscidi, eləcə də Qarabağın rəmzləri olan Qarabağ atları və Xarı Bülbül çiçəyi öz əksini tapıb.
Zemfira Cəfərovanın yeni kolleksiyası çiçək naxışlı libaslar, sərt smokinq paltarları və əl ilə tikilmiş naxışlı qadın ziyafət geyimləridir.
"Azerbaijan Fashion Week" 2015-ci ildən Bakıda keçirilir.
O, dizaynerləri, trend ekspertləri, yerli və xarici mətbuatı, eləcə də paytaxtın bütün modapərəstlərini bir araya gətirən platformaya çevrilib.
Mövcud olduğu on mövsüm ərzində "Azerbaijan Fashion Week" Azərbaycanda ən mühüm moda hadisəsi statusunu qoruyub saxlamışdır.