BAKI, 3 dekabr — Sputnik. Bu günlərdə yəhudi xalqı müqəddəs "Xanuka" bayramını qeyd edir. Qubadakı Qırmızı Qəsəbədə yaşayan yəhudilər tərəfindən də bu bayram təntənə ilə qeyd olunur.
Bayramın tarixi və necə qeyd olunduğunu öyrənmək üçün Sputnik Azərbaycan-ın müxbiri Quba RİH-in Qırmızı Qəsəbə üzrə nümayəndəsi Telman Muxailov ilə həmsöhbət olub. O, bu bayramın yəhudilər üçün çox əhəmiyyətli olmasından və bayramın tarixinin çox qədim olduğundan söhbət açıb.
""Xanuka" bayramı biz yəhudilər üçün çox qiymətlidir. Dini xarakter daşıyan bu bayram adətən noyabr-dekabr aylarında qeyd edilir. Yəhudi təqviminin Kislev ayının 25-ci günündə başlayan bayram 8 gün davam edir. Bu il bu bayram noyabr ayının 29-da başlayıb. Dekabr ayının 6-da sona çatacaq", - deyə T.Muxailov qeyd edib.
Onun sözlərinə görə, bayramın tarixi çox qədimlərə gedib çıxır:
"Hələ eramızdan əvvəl 165-ci ildə yunan ağalığına qarşı Makkaveylər sülaləsinin başçılığı altında üsyan qaldıran yəhudilər 3 il müddətində bütün torpaqlardan düşməni qovurlar. Sonda yəhudilər yenicə azad olmuş Qüdsdəki müqəddəs məbədə daxil olur və bu məkanı işıqlı saxlamaq üçün yalnız bir günlük yağ ehiyatı aşkar edirlər. Lakin onlar möcüzə ilə qarşılaşırlar. Yandırdıqları bu qızıl şam 8 gün ərzində məbədə işıq salır. Bu müddətdə isə əhali yeni yağ ehiyatı toplaya bilir. Beləliklə, məbəd daim işıqlı olur. Bu əlamətdar tarixi yad etmək üçün bayramın birinci günü 1 şam, ikinci günü iki şam və beləcə sonuncu bayram günü 8 şam yandırılır".
Muxailovun sözlərinə görə, bayram günlərində daha çox kartof və süd məhsullarının qəbuluna üstünlük verilir.
"Evdə həyat yoldaşlarımıza gücümüz çatdığı qədər hədiyyə, uşaqlara pul və oyuncaqlar alırıq. Məktəblər tətilə çıxır. El arasında bu bayram geniş sevinc və Allaha minnətdarlıqla dolu olan bayram kimi qeyd edilir", - deyə T.Muxailov bildirib.
Qeyd edək ki, "Xanuka" zamanı əhali sinaqoqlara gedərək çoxlu dualar edir. Telman müəllim iki ildir ki bayramı sinaqoqda qeyd edə bilmədikləri üçün təəssüf hissi keçirdiklərini bildirir:
"Bildiyiniz kimi, iki ilə yaxındır ki, pandemiyaya görə məscidlər, sinaqoqlar bağlı idi. Bu yay sinaqoqlara getməyə icazə verilsə də, son bir aydır ki, Qırmızı Qəsəbədə koronavirusa yoluxma halları çox olduğu üçün qərara gəlindi ki, bu il də bayramı hərə öz evində qeyd etsin. Düzdür insanlar buna çox məyus oldular. Amma insanın sağlamlığı hər şeydən önəmlidir. Əsas inancdır. Harada qeyd etməyimizdən asılı olmayaraq, adət-ənənələrimizə sahib çıxa bilirik".
Həmçinin oxuyun:
Yapon alimlər onun qarşısında səcdə etmişdilər: Can qurtaran Azərbaycan həkimi
Azərbaycandakı dini konfessiya rəhbərləri bəyanat yayıb
Ermənilərin qorxulu yuxusuna çevrilən yəhudi balası: Alberti bu gün yad etdik