BAKI, 3 dekabr - Sputnik. SOCAR-ın elektrik montyoru Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
"Həmkarımız Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb. Mürsəl Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5.45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.
Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılmış, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılmışdır. Dəniz üzərindən üçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur", - məlumatda bildirilib.
Qeyd edilir ki, Namazov Mürsəl Həsənəli oğlunun vəzifəsi elektrik montyorudur, 1972-ci il təvəllüdlü, ailəlidir, iki oğlu var:
"Həmkarlarımız itkin düşənin ailəsinin yanındadır, onlara mənəvi dəstək göstərməyə çalışırlar. İtkin düşən həmkarımızın ailəsinə Allahdan ümid və səbr diləyirəm. Axtarış davam edir", - deyə SOCAR-ın məlumatında əlavə olunub.
Xatırladaq ki, 2015-ci il dekabrın 4-də "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza nəticəsində üç neftçi itkin düşmüşdü. Bir neçə günlük axtarışlardan sonra dənizdən həmin şəxslərin cəsədləri tapılmışdı.
Həmçinin oxuyun:
İtkin düşən 27 yaşlı qadını həyat yoldaşı axtarır
On yeddi yaşlı oğlan itkin düşüb
"Neft Daşları"nda tufan, üç neftçi itkin düşüb