İQTİSADİYYAT

Füzulidə heyvanlar üçün karantin zonaları yaradılıb

Yüz minlərlə hektar torpağın su infrastrukturu ilə təchiz olunması planlaşdırılır və bütün bu işlər müasir texnologiyalar əsasında həyata keçiriləcək
Sputnik
BAKI, 3 dekabr — Sputnik. Qarabağda kənd təsərrüfatının inkişafı üzrə işlərin miqyası 2022-ci ildə genişləndiriləcək.
Sputnik Azərbaycan bildirir ki, bunu bu gün kənd təsərrüfatı naziri İnam Kərimov UNEC İqtisadi Forumunun panel müzakirələri zamanı deyib.
"Müasir cəmiyyətdə innovasiya və texnologiyaların tətbiqi çox vacibdir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi inkişaf üzrə həyata keçirdiyi siyasət həm də innovasiyalara yönəlib. Qarabağ hər zaman ən inkişaf etmiş rayonlardan olub. Erməni işğalı təkcə oradakı obyektlərə deyil, həm də kənd təsərrüfatına ziyan vurub. Bununla əlaqədar biz artıq bərpa üzrə layihələrin reallaşdırılmasına başlamışıq", - deyə nazir bildirib.
İ.Kərimov qeyd edib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatına yararlı ərazilərin müəyyənləşdirilməsi aparılır.
"Artıq yazlıq və payızlıq bitkilərin əkini üzrə işlər aparılır. Region böyük məhsuldarlıq potensialına malikdir. Gələn il bu işlər daha da genişləndiriləcək. Buraya həm heyvandarlıq, həm də əkin işləri daxildir. Biz, həmçinin atçılığa böyük diqqət ayırırıq. Füzuli rayonunda heyvanlar üçün karantin zonaları yaradılıb. Burada heyvanların laborator tədqiqatları aparılacaq. Yüz minlərlə hektar torpağın su infrastrukturu ilə təchiz olunması planlaşdırılır. Bütün bu işlər müasir texnologiyalar əsasında həyata keçiriləcək", - nazir deyib.
Qeyd edək ki, UNEC İqtisadi Forumu dekabrın 1-də başlayıb. Beş panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerlərin çıxış etdiyi forumun ana devizi "Zəfər Yolu"dur.
Eyni zamanda, forum çərçivəsində Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələr, gənc alimlərin və beynəlxalq elm olimpiadalarının qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlər keçirilib.