BAKI, 3 dekabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat verib.
Ceyhun Bayramov xanım Teresa Ribeiroya Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barəsində geniş məlumat verib.
Görüş zamanı, ATƏT-ə bütün üzv dövlətlər tərəfindən ATƏT Nizamnaməsi çərçivəsində öz öhdəliklərinin icrasının zəruriliyi barədə fikir mübadiləsi aparılıb.
Qarşı tərəfə bölgədəki cari təhlükəsizlik vəziyyəti haqqında məlumat verən Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün atılmalı addımlar, ilk növbədə isə imzalanmış üçtərəfli bəyanatların tam icrası ilə bağlı məsələləri həmsöhbətinin diqqətinə çatdırıb.
Ceyhun Bayramov iclası çərçivəsində Polşa xarici işlər naziri Zbiqnev Rau və Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə də görüşüb.
Ceyhun Bayramov və Zbiqnev Rau
© Photo : MFA Azerbaijan
Görüş zamanı Polşa və Azərbaycan arasında mövcud olan münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib.
Nazirlər, gələn il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi olduğuna istinad edərək, bununla əlaqədar müvafiq tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə, Polşanın 2022-ci ildə ATƏT-ə sədrliyi və bu xüsusda, Azərbaycanın ATƏT ilə əməkdaşlığı, Polşa sədrliyinin prioritetləri, o cümlədən ATƏT çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov həmkarına postmünaqişə regional təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşması istiqamətində atılmalı addımlar, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər barəsində geniş məlumat verib.
Azərbaycanın XİN başçısı polşalı həmkarına işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə məlumat verib.
Görüşdə tərəflər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov və Dmitro Kulebanın görüşündə iki ölkə arasında mövcud olan strateji səviyyəli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyi qeyd edilib. Qarşıdan gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğunu nəzərə alaraq, bu xüsusda müvafiq tədbirlərin təşkili, eləcə də qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti ifadə edilib.
Ceyhun Bayramov və Dmitro Kuleba
© Photo : MFA Azerbaijan
Çoxtərəfli platformalarda uğurlu əməkdaşlığın davam etdirilməsindən bəhs edən nazirlər, o cümlədən GUAM çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyəti qeyd ediblər.
Nazir ukraynalı həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda Azərbaycan tərəfindən atılan addımlar, habelə işğalda azad edilmiş ərazilərdə həyata keçirilən yenidən quruculuq işləri ilə bağlı məlumat verib.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, dekabrın 2-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirak edib. İclasda çıxış edən nazir, ötən il 44 gün davam edən müharibədən sonra bölgədə yaranan münaqişə sonrası reallıqlar fonunda mövcud olan vəziyyət və gələcək perspektivlər barəsində danışıb.