BAKI, 3 dekabr — Sputnik. 2021-ci ilin sonuna sayılı günlər qalıb. Pandemiya səbəbi ilə yaranan məhdudiyyətlərə rəğmən bu il xeyli film istehsal olunub.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən "Azərbaycanfilm" kinostudiyasının PR meneceri Lətif Lətifsoy hesab edir ki, sonuna gəldiyimiz il milli kinomuz üçün məhsuldar olub:
Belə ki, bir il ərzində Elçin Musaoğlunun "Məryəm", Xalq artisti Vaqif Mustafayevin 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Həyat, deyəsən, gözəldir" (Fəryad II), Asif Rüstəmovun "Mərmər soyuğu" tammetrajlı bədii filmlərinin istehsalı həyata keçirilib. Hər üç ekran əsəri növbəti il ərzində tamaşaçılara təqdim ediləcək.
Bununla yanaşı, 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq dastanı yazmış ordumuzun müxtəlif qoşun növlərinin müharibədəki şanlı döyüş yolunu, şücaətini və zəfərimizi əks etdirən "Görünməyən qəhrəmanlar" adlı silsilə 5 sənədli film istehsal olunaraq tamaşaçılara təqdim edilib.
"Bu silsiləyə daxil olan filmləri televiziyadan izləyə bilməyən tamaşaçılarımız "Azerbaijanfilm Studio" rəsmi "YouTube" kanalımızdan müvafiq pleylistə daxil olaraq izləyə bilərlər. Daha sonra, "Köşk" 5 hissəli bədii televiziya filmini "İctimai TV"nin efirində tamaşaçılarımıza təqdim etdik", - deyə Lətifsoy bildirib.
"Mərmər Soyuğu" filminin çəklişi zamanı
© Photo : Azerbaijanfilm / Latif Latifsoy
Bu ilin əvvəlində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il Azərbaycanda "Nizami Gəncəvi ili" elan olunub. Sözügedən qrum bu ilə öz töhfəsini verib:
"Dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubiləyinə həsr olunmuş, "Xosrov və Şirin" 12 bölümdən ibarət bədii teleserialı istehsal etdik. Qeyd edək ki, serial qısa zamanda "İctimai TV"nin efirində yayımlanmağa başlayacaq".
“Fəryad-2” filminin çəkilişləri
© Photo : Azerbaijanfilm
2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi Şanlı Qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi kinematoqrafçıların diqqətindən yayınmayıb.
Belə ki, bu il Mədəniyyət Nazirliyinin elan etdiyi "Böyük Qayıdış" qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində seçilmiş 2 sənədli film layihəsindən "Fulya" filmini istehsal edib. Türkiyə və Azərbaycanda həmin filmin premyeraları həyata keçirilib.
Qrum rəsmisi əlavə edib ki, həmin film kinoteatrlarda nümayiş olunub. Müsabiqənin ikinci qalibi - "Müharibənin uşaqları" sənədli filminin isə istehsalı yekunlaşmaq üzrədir.
Daha sonra, "Quyu" qısametrajlı bədii filmi istehsal edilib və hazırda onun xarici distribusiyası həyata keçirilir.
"İlin əvvəlindən etibarən Azərbaycan kinosuna həsr etdiyimiz "İctimai TV" ilə birgə layihəmiz olan "Bizim Kino" 24 hissəli kinojurnalı tamaşçılarımıza təqdim etdik və qaçıranlar üçün hal-hazırda da "YouTube" kanalımızda müvafiq pleylistdə yerləşdirmişik. Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Avto FM 107.7" ilə birgə yubilyar filmlərimizə nəzər saldığımız olduqca maraqlı "Kinostudiya" rubrikasını hazırlayıb yayımladıq və qeyd edək ki, bu layihə də sosial media kanallarımızda müvafiq pleylistlərdə yerləşdirilib", - "Azərbaycanfilm" kinostudiyasının PR meneceri əlavə edib.