BAKI, 3 dekabr - Sputnik. Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Hüseynov Şahin Şəmisəddin oğlu həlak olub.
Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumata görə, gizir məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub. Hadisə ilə bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Mərhumun yaxınlarının verdiyi məlumata görə, Şahin Hüseynov Gədəbəy rayonunun Qızılağac kəndindədir. 35 yaşı var imiş. 15 ilə yaxın Azərbaycan Ordusunda qulluq edirmiş. Subay olan Hüseynov 44 günlük Vətən Müharibəsində iştirak edib, Kəlbəcər istiqamətində 2020-ci il noyabrın 7-də yaralanıb.
Qeyd edək ki, bədbəxt hadisə nəticəsində daha bir hərbi qulluqçumuz Şuşa şəhərində həlak olmuşdu. Avqustun 28-də əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişmişdi. Azərbaycan MN bildirmişdi ki, ilkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub.
Eləcə də oxuyun:
* Müdafiə Nazirliyi Şuşada hərbçimizin ölümü ilə bağlı məlumat yayıb