TƏHSİL

Təhsil naziri tələbə təhsil kreditləri ilə bağlı narazılıqlara reaksiya verdi

Nazirin sözlərinə görə, sistem yeni olduğundan hər hansı çatışmazlıqların, qüsurların, nöqsanların olması gözləniləndir.
Sputnik
BAKI, 2 dekabr — Sputnik. Təhsil naziri Emin Əmrullayev tələbə təhsil kreditləri ilə bağlı səsləndirilən narazılıqlara münasibət bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında kreditlərinin verilməsi üçün müraciət qəbuluna yeni başlanıldığını deyib.
Nazir qeyd edib ki, artıq bir neçə yüz tələbə prosesi tam olaraq yekunlaşdırıb, bəzilərinə hətta təsdiq də verilib: "Kreditlərin verilməsi ilə bağlı narazılıqlar bir neçə qismə bölünür. Sistem yeni olduğundan hər hansı çatışmazlıqların, qüsurların, nöqsanların olması gözləniləndir. Təbii ki, bunların aradan qaldırılması labüddür. Hesab edirəm ki, həmin problemlər zamanla aradan qaldırılacaq".
"18 yaşından aşağı olan tələbələrin kredit alması ilə bağlı narazılıq həllini tapır. Bəzi narazılıqlar isə anlaşılmazlıqla bağlıdır. Sosial problemi olanlar sosial kreditə, sosial problemi olmayanlar isə daha yüksək bal yığıb standart güzəştlərdən yararlana bilər. Bu kreditlər sosial alətlərdir. Zamanla cəmiyyətlə birgə çalışaraq vəziyyəti düzgün normal şəkildə təmin edə bilərik", - E.Əmrullayev vurğulayıb.
Qeyd edək ki, noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır.
Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə veriləcək.
Məlumat üçün bildirək ki, Təhsil tələbə krediti həm özəl, həm də dövlət ali təhsil müəssisələrinə aiddir. Kredit tələbənin özünə yox, təhsil aldığı ali təhsil müəssisəsinə köçürülür. Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur.
Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.