İQTİSADİYYAT

Nazir enerji böhranının üzə çıxardığı problemlər barədə

Energetika naziri Pərviz Şahbazov deyib ki, yalnız bir enerji mənbəyindən asılı olan enerji təchizatının davamlılığı qeyri-realdır.
Sputnik
BAKI, 2 dekabr — Sputnik. Bu gün ekoloji problemlərin həcminin getdikcə daha çox artdığı bir vaxtda hökumətlərin davamlı enerjinin təhlükəsizliyini təmin etməklə yanaşı qəti enerji siyasətinə ehtiyacı var.
Sputnik Azərbaycan xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC) ölkələrinin enerji forumunda bildirib.
P.Şahbazov əlavə edib ki, mövcud enerji böhranı bir sıra problemləri üzə çıxarıb: "Mövcud enerji böhranının təsirləri də göstərir ki, enerji keçidi ilə bağlı sərt və tələsik siyasi ritorika enerji təhlükəsizliyi və ekoloji davamlılıq arasında daha sağlam tarazlıq nəzərə alınmaqla yenidən nəzərdən keçirilməlidir. Buna görə də, biz hamının enerjiyə çıxışını təmin etmək səylərimizlə yanaşı, bəşəriyyətin davamlı gələcəyi üçün qlobal məsuliyyət və öhdəliklərimizi də nəzərə almalıyıq".
Onun sözlərinə görə, yalnız bir enerji mənbəyindən asılı olan enerji təchizatının davamlılığı qeyri-realdır: "Bərpa olunan enerji və hidrogenlə bağlı iddialı planlarımızı və məqsədlərimizi təxirə salmadan həyata keçirərkən, biz xalis sıfır emissiyaya səbəb olan digər yollardan yəni innovativ texnologiyaların təklif etdiyi imkanlardan, xüsusən də enerji səmərəliliyindən yararlanmalıyıq".