BAKI, 2 dekabr — Sputnik. Noyabrın 22-dən dekabrın 2-dək yalnız Tərtər-Goranboy rayonları istiqamətində yeni yolların çəkilməsi zamanı qarşı tərəfdən qurulmuş Ermənistan istehsalı olan 537 ədəd piyada əleyhinə, 101 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
İşğaldan azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələri tərəfindən bu günədək ümumilikdə 13177 hektar ərazi minalardan təmizlənib, 616 kilometr yol çəkilib, 16860 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir
Qeyd edək ki, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir. Dağlıq ərazilərdə yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni təminat yollarının çəkilməsi üzrə mühəndis işləri aparılır.
Azad edilən ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan "MEMATT" (Mexanik Mina Təmizləmə Təchizatı) texnikalar verilib.
Bu texnikalar yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb edilib.