BAKI, 2 dekabr — Sputnik. Helikopter qəzasında həlak olan hərbi qulluqçulardan biri, DSX-nin zabiti, şəhid baş leytenant Fərid Nağıyevin cənazəsi onun doğulduğu Beyləqan rayonun Şərq kəndinə gətirilib.
Şəhidin cənazəsi izdihamla qarşılanıb. Kənd meydanında cənazə namazı qılınıb. Şəhid pilot Fərid Təyyar oğlu Nağıyev Beyləqan şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn edilib. Dəfn mərasimində rəsmi şəxslər, şəhidin yaxınları və digər şəxslər iştirak ediblər. Şəhidimizin atası Təyyar Nağıyev oğlu ilə fəxr etdiyini deyib.
Fərid Nağıyevin dəfn mərasimi
© Sputnik / Emin Alisahib
"Mən bu gün oğlum Nağıyev Fəridi dəfn elədim. O, Allahın ali zirvəsinə, şəhidlik məqamına çatdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Gələcəkdə bütün hərbiçilərimizin, hərbi qulluqçularımızın, döyüşdə olan əsgərlərimizin valideynləri belə ağır, çətin günləri yaşamasınlar. Allah onlara sülh müddətində hərbi qulluğu başa vurmaq nəsib eləsin! Nə deyə bilərəm, vətən sağ olsun".
Təyyar Nağıyev oğul itkisinin ağır olduğunu və bu gücü Fəridin yaxın dostunun atasından aldığını da dilə gətirib. O bildirib ki, şəhid atasını yalnız şəhid atası ovundura bilər. Bu gün o, bununla təsəlli tapır və acısını oğlunun şəhid dostunun atası ilə bölüşür.
Fərid Nağıyevin dəfn mərasimi
© Sputnik / Emin Alisahib
"Bu da mənim şəhid oğlumun ən yaxın dostu, Gözəlov Xalidin atasıdır. Sosial şəbəkələrdə yazıblar - iki dost, iki şəhid. Bu gün gəlib özünü çatdırıb. 44 günlük müharibədə ilk şəhidimizdi Xalid. Fəxri Xiyabanda dəfn olunub. Bu gün gəlib, özü demişkən, şəhidlik zirvəsinə ucalan ikinci oğlunun dəfn mərasiminə. Vətən sağ olsun".
Şəhid Fərid Nağıyevin dostu, baş leytenant Xalid Gözəlov 44 günlük Vətən müharibəsində şəhid olub. Fəridin dəfn mərazisiminə qatılan şəhid dostunun atası Həsən Gözəlov "sanki oğlumu yenidən itirmişəm" deyə üzüntüsünü jurnalistlərlə bölüşüb.
Həsən Gözəlov
© Sputnik / Emin Alisahib
"Fəridlə Xalid möhkəm dost idilər. Akademiyanı da birlikdə oxudular. Sonra bir müddət birlikdə ev tutdular, kirayədə qaldılar. Bir yerdə xidmət elədilər. Xalid şəhid olandan sonra mən Xalidi Fəriddə tapmışdım. Hər dəfə gəlib təskinlik verirdi. Fəriddən sonra çətin olacaq mənim üçün. İkisi də mənim üçün əziz idi. Amma mən yeganə təsəllimi itirdim. Allah ikisinə də rəhmət eləsin. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhid atalarına səbr diləyirəm. Çünki şəhid atası olmaq həm fəxrdir, həm də çətindir. Səbr eləmək olmur, amma neynəmək olar. Vətən sağ olsun!"
Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşlarını yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Şəhid hərbçilərdən 11-i ötən gün Bakıda ikinci Şəhidlər Xibanında dəfn olunub. 3 şəhid hərbçi isə ailələrinin istəyi ilə doğulduqları ərazidə torpağa tapşırılacaq.