AZƏRBAYCAN XƏBƏRLƏRİ

Kafe və restoranlar Yeni ili qarşılaya bilməyəcəklər

Sahibkar: Camaat yeyib-içməyə başlayanda deyək "Bayram qurtardı, durun dağılışın"? Belə Yeni il şənliyi keçirmək alınmır.
Sputnik
BAKI, 2 dekabr — Sputnik. Azərbaycanda qarşıdan gələn Yeni il şənliklərinə nəzarət gücləndiriləcək. Bu barədə bir neçə gün öncə COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın genişləndirilmiş iclasında bildirilib. İclasda pandemiya ilə bağlı hazırkı vəziyyət – yoluxmanın miqyası, xəstələrin müalicəsi, peyvəndlənmənin sürəti və miqyası, xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair məsələlər müzakirə olunub. Qarşıdan gələn Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb. İclasda, habelə “Omikron” ştammı və ona qarşı profilaktik tədbirlər müzakirə olunub və müvafiq hazırlıq işlərinə dair tapşırıqlar verilib.
Sputnik Azərbaycan restoranların Yeni il şənliklərinə necə hazırlaşdığını araşdırıb.
"Gilavar" şadlıq sarayından bildiriblər ki, bu il Yeni il şənliyi təşkil olunacaq. Qiymətlər isə adambaşına 50 manatdan başlayacaq. Restoranda maksimum qonaq sayı 150 nəfər olacaq. Həmçinin gələn qonaqlardan COVID pasportu tələb olunacaq.
"Holliwood Saray"dan isə bu il Yeni il şənliyi keçirilməyəcəyini bildirdilər. Restoranın administratoru Sputnik Azərbaycan-a bildirib ki, Yeni il şənliyi keçirmək onlara sərf etmir:

"Yeni il 31-i gecə saat 12:00-da daxil olur. Azərbaycanda isə restoranlara gecə saat 12:00-dan sonra işləməyi qadağan ediblər. Biz necə Yeni il şənliyi keçirək? Hər il saat 8-də şənlik başlayırdı, gecə saat 03:00-04:00-a kimi davam edirdi. İndi buna icazə vermirlər. Camaat yeyib-içməyə başlayanda deyək "Bayram qurtardı, durun dağılışın"? Belə Yeni il şənliyi keçirmək alınmır. Ona görə də bizim restoranda Yeni il şənliyi təşkil edilməyəcək".

"Xan saray" restoranı isə indidən Yeni il şənliyi üçün qiyməti müəyyən edib. Bilet qiyməti adambaşına 100 manat olacaq. Amma şənlik gecə saat 12:00 olan kimi başa çatacaq.
"Niaqara" restoranından isə bildirdilər ki, onlar səbirsizliklə Yeni ildə restoranların iş qrafikinin uzadılacağını gözləyirlər:
"Bizə deyiblər ki, Yeni il gecəsi restoranlar səhərə qədər fəaliyyət göstərəcək. Amma bu, dəqiq deyil. 12:00-a qədər dəqiq fəaliyyət göstərəcəyik. Masaların qiyməti adambaşına 200-250 manatdır".
Əlaqə saxladığımız əksər restoranlar Yeni il şənliyi təşkil etməyin sərfəli olmadığını söylədilər. Onların sözlərinə görə, qonaqlar restorana Yeni ili maraqlı qarşılamaq üçün gəlirlər. Amma restoranların iş qrafiki buna imkan verməyəcək.
Qeyd edək ki, bu ilin fevralın 1-dən Azərbaycan ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunub. Qeyd olunub ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.