BAKI, 2 dekabr — Sputnik. "Azərişıq" ASC İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mənzil-tikinti kooperativlərinin yeni inşa olunan çoxmənzilli binalarda elektrik sayğaclarının quraşdırması ilə əlaqədar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qəbul etdiyi qərara münasibət bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, Səhmdar Cəmiyyət bununla bağlı Report-un sorğusunu cavablandırıb.
Xatırladaq ki, işə baxılması zamanı "Azərişıq" ASC-nin çoxmənzilli yaşayış binalarında istehlakçılar üçün elektrik sayğaclarının onların özləri ilə deyil, mənzil-tikinti kooperativləri ilə bağladığı müqavilə əsasında quraşdırdığı və nəticədə sayğacların dəyərinin istehlakçılardan tələb edildiyi müəyyən olunub.
"Azərişıq" bəyan edib ki, atılan addımlar qanunvericiliyə uyğundur: "Bildiyimiz kimi Dövlət Xidmətində qəbul edilən qərara əsasən, fiziki şəxs olan istehlakçıların müraciətləri və onlarla bağlanılan elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında elektrik sayğaclarının enerji təchizatı müəssisəsinin hesabına quraşdırılması barədə "Azərişıq" ASC-yə göstəriş verilib. Bu göstəriş elektrik enerjisi təsərrüfatı qanunvericiliklə müəyyən edilən qaydada istismara verilən çoxmənzilli yaşayış binalarına aiddir. Eyni zamanda yeni qaydaların tam icrasi ilə əlaqədar Nazirlər Kabinetinin 326 saylı qərarının bəzi bəndlərinə əlavə düzəliş olunması üçün yeni layihə aidiyyəti qurumlara təqdim olunacaq. Bildiyimiz kimi, məişət abunəçilərinin şəbəkələrə qoşulması üçün müvafiq fərmana uyğun olaraq müraciətlər "ASAN Xidmət" və "ASAN Kommunal" Mərkəzlərində həyata keçirilir. Odur ki, istismara qəbul edilmiş yaşayış binalarındakı mənzil sahibləri də fərdi qaydada "ASAN Xidmət" və "ASAN Kommunal" Mərkəzlərinə müraciət edə bilərlər".