MƏDƏNİYYƏT

Azərbaycanın bu təşkilatları mədəniyyət naminə sülh təşəbbüsünə qoşulub

Nazir bildirib ki, təşəbbüsün məqsədi postkonflikt vəziyyətlərindən sonra mədəniyyətin dirçəlməsi və qorunması üçün davamlı sülhün təmin edilməsidir.
Sputnik
BAKI, 2 dekabr — Sputnik. BMT-nin Sivilizasiyalar alyansı və ICESCO Azərbaycanın mədəniyyət naminə sülh təşəbbüsünə qoşulub. Biz bu gün öyrəndik ki, digər təşkilatlar da təşəbbüsə maraq göstərir. O cümlədən, Beynəlxalq Türk Mədəniyyət Fondu da bu təşəbbüsə qoşulmaq istəyir.
Sputnik Azərbaycan xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, təşəbbüsün məqsədi postkonflikt vəziyyətlərindən sonra mədəniyyətin dirçəlməsi və qorunması üçün davamlı sülhün təmin edilməsidir: "Davamlı sülh olduğu yerdə davamlı inkişaf olur. Mədəniyyət canlanır və inkişaf edir.
Qarabağda da məhz bunu istəyirik. Artıq 3 beynəlxalq təşkilat təşəbbüsü dəstəkləyir. Prezident İlham Əliyev də bu ideyaya böyük dəstək verir. Bu ideyanın gerçəkləşməsi üçün ayrıca maliyyə də ayrılıb. İndi isə planımız tərəfdaş təşkilatlarla 5 illik fəaliyyət planı tərtib etməkdir. 5 il ərzində bu ideyanın kağızda yox, əməldə icra edilməsinə nail olmaq istəyirik".
Qeyd edək ki, dekabrın 2-də ADA Universitetində "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının Tərəfdaşlar Forumu ("Peace4Culture" Partners Forum) işə başlayıb. BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.