SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Dövlət katibi: Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu alqışlayırıq

İsveçin paytaxtı Stokholmda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir. İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.
Sputnik
BAKI, 2 dekabr — Sputnik. Biz Cənubi Qafqazda Azərbaycan və Ermənistan hökumətləri arasında birbaşa dialoqun bərpasını alqışlayırıq və biz onları humanitar məsələlərdə proqres əldə etməyə çağırırıq. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.

"Mən ümid edirəm ki, Rusiya da daxil olmaqla biz hamımız birgə işləyə bilər və proqresə nail ola bilərik. Biz bütün tərəfləri sərhəd, delimitasiya və demarkasiya, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi həll olunmamış digər məsələləri həll etməyə və Dağlıq Qarabağ münaqişəsinə davamlı sülh yolu ilə son qoymaq üçün ATƏT-in Minsk Qrupu ilə qarşılıqlı fəaliyyəti davam etdirməyə çağırırıq", - deyə Blinken bildirib.

Qeyd edək ki, 2-3 dekabr tarixlərində İsveçin paytaxtı Stokholmda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir. İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.