BAKI, 1 dekabr — Sputnik. Koronavirusun yeni, "Omikron" ştammının aşkarlanması bəzi ölkələri tədbirli davranmağa məcbur edib. Artıq koronavirusun yeni ştammının qeydə alınmadığı ölkələr belə girişə yeni qaydalar tətbiq edir. Hindistan hökuməti koronavirusun yeni "Omikron" növünə görə dekabrın 1-dən ölkəyə gələn əcnəbilər üçün yeni qaydalar hazırlayıb.
"Times of India" mətbu orqanının yaydığı xəbərə görə, risk qrupuna aid ölkələrdən gələn bütün şəxslər, habelə həmin qrupa aid olmayan ölkələrdən gələn "təsadüfi" turistlər hava limanında test verəcək və nəticələr gələnədək oranı tərk etməyəcəklər. Testin cavabı müsbət çıxarsa, həmin şəxs təcili surətdə təcrid olunacaq, test isə daha ətraflı tədqiqat üçün laboratoriyaya göndəriləcək.
Testi mənfi çıxan şəxslər isə 7 gün ərzində təcrid olunacaq, 8-ci gün isə təkrar testdən keçəcəklər. Həmçinin gələn əcnəbilərin hamısı son iki həftə ərzindəki bütün səfərlərinə dair məlumat təqdim edəcəklər. Buna koronavirusun yayılmasına görə ikinci yerdə olan Hindistanda indiyədək 34,5 milyonadək insanın yoluxması, 468,7 minin dünyasını dəyişməsi əsas gətirilir.
Bəzi ölkələr isə yeni ştammla bağlı ölkəyə girişə məhdudiyyətlər tətbiq edir. Portuqaliya, Niderland, Danimarka və Avstraliyada yeni “Omikron” halları aşkar olunduğundan, bu ölkələrin çoxu səyahət məhdudiyyəti qoyub. Azərbaycan da aviasiya məkanında hab rolunu oynayır. Bəs görəsən, yeni ştammla bağlı Azərbaycana girişə, xüsusilə uçuşlara hər hansı məhdudiyyətlər qoyula bilərmi?
AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə ölkəyə giriş qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir. P.Kəsəmənskinin sözlərinə görə, hazırda heç bir ölkəyə AZAL tərəfindən həyata keçirilən uçuş yeni ştamma görə təxirə salınmayıb.
Nazirlər Kabinetindən isə bildirdilər ki, yeni ştammla əlaqədar hələ ki, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş qaydalarına dəyişiklik edilməyib.
Bildirək ki, hazırda Azərbaycan 25-ə yaxın ölkə ilə hava əlaqəsini bərpa edib.
“Baku Holiday Travel”in tur meneceri Türkan Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusun yeni ştammı ilə bağlı Azərbaycana uçuşlara məhdudiyyətlərin qoyulması yenidən turizm sahəsinə zərbə ola bilər. T.Məmmədli bildirir ki, turizm sahəsi yeni-yeni dirçəlməyə başlayır. Hər hansı ştammla bağlı məhdudiyyətlər ilk növbədə turizm sahəsinə təsir edəcək.
Məlumat üçün qeyd edək ki, koronavirusun yeni aşkarlanan "Omikron" B.1.1.529 ştammı "narahatlıq doğurucu variant" kimi qiymətləndirilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, mövcud PZR testləri koronavirusun bu ştammını aşkarlaya biləcək. ÜST bu ştammın yoluxuculuq qabiliyyətinin yüksək olduğunu açıqlasa da, mütəxəssislər hələ ki, narahatlığa ciddi əsas olmadığını bildirirlər.
TƏBİB-in İdarə Heyəti yanında Tibbi-Elmi Komitənin üzvü, həkim infeksionist Fərrux Sədirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mutasiyalar viruslara xas xüsusiyyətdir. Ona görə də yeni ştammların meydana çıxması gözləniləndir. F.Sədirov indidən yeni aşkarlanan ştammın yoluxuculuq qabiliyyətinin yüksək olacağını söyləməyin çətin olduğunu bildirib. Onun sözlərinə görə, yayılan əksər yeni ştammlar barədə eyni fikir səslənsə də, indiyədək ən aqressivi "Delta" ştammı olub.
F. Sədirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusun yeni ştammına görə uçuşlara məhdudiyyətlərin qoyulması o qədər də effektli görünmür: "Onsuz da biz hazırda PZR testin cavabı olsa da, ölkəmizə gələn şəxsin koronavirusa yoluxmadığından tam əmin deyilik. Onun koronavirusun hansı ştammına yoluxduğunu isə təsdiqləmək müşküldür. Ona görə də bir neçə ölkədən uçuşları məhdudlaşdırmaq o qədər də effektli olmayacaq. Biz yalnız xarici ölkələrə gediş-gəlişi tam dayandırdığımız halda virusa yoluxmadan qismən sığortalana bilərik. Hazırkı reallıqda hər hansı ştamma yoluxmadan qorunmaq üçün Azərbaycana girişi bir neçə ölkə ilə məhdudlaşdırmaq yeni ştammdan qorunmağımızda faydalı olmayacaq".
Məlumat üçün qeyd edək ki, hazırda ölkəmizə gələn reyslərə Azərbaycan vətəndaşları, ölkəmizə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, qardaşı, bacısı, həyat yoldaşı, övladı, babası, nənəsi və ya nəvələri Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, o cümlədən belə sərnişinlərin ailə üzvləri, ölkəmizdə işləmək icazəsi olan əcnəbilər, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər, həmçinin sözügedən sərnişinlərin ailə üzvləri buraxılır.
Həmin şəxslərin hər biri qeydiyyat zamanı uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19 dair PZR testin mənfi nəticəsi haqqında arayış təqdim etməlidir. Bir yaşdan aşağı olan uşaqlar üçün PZR testi tələb olunmur.
Həmçinin, yuxarıda qeyd olunan sərnişin kateqoriyalarına əlavə olaraq, Argentina, Avstraliya, Avstriya, Bəhreyn, Braziliya, Bruneya, Kamboca, Kanada, Çili, Çin, Kosta-Rika, El Salvador, Almaniya, Rusiya, Türkiyə, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan, Qətər, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Sloveniya, Slovakiya, Yunanıstan, Estoniya, Finlandiya, Fransa, Honq-Konq (ÇXR), Xorvatiya, İslandiya, İtaliya, Latviya, Litva, Malayziya, Səudiyyə Ərəbistanı ,Yaponiya, Cənubi Koreya, Ekvador, Kuba, Küveyt, Qazaxıstan, Maldiv Respublikası, Meksika, Mərakeş, Monqolustan, Monteneqro, Norveç, Oman, Panama, Uruqvay və Yeni Zelandiya vətəndaşları və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəşdaşlığı olmayan şəxslərin müəyyən edilmiş şərtlərlə və ölkəmizə pasport və viza qaydalarına əsasən aviaşirkətin xüsusi reyslərinə buraxılır.
Qeyd edək ki, ÜST bu günlərdə Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib. Hələlik B.1.1.529 variantı CAR, Botsvana, İsrail, Honqkonq və Belçikada tapılıb.
İsveçrənin Səhiyyə Nazirliyi isə bəyan edib ki, mövcud koronavirus peyvəndləri yeni "Omikron" ştammına qarşı daha az təsirli ola bilər. Hazırkı peyvəndlərin koronavirusun yeni variantına qarşı daha az təsirli olması ehtimalı var. Həmçinin nazirlikdən yayılan məlumatda "Omikron"un günümüzdə bütün dünyada üstünlük təşkil edən "Delta" ştammından daha ötürücü olduğu qeyd edilib.
"ABŞ-ın "Moderna" şirkəti isə koronavirusun bu yaxınlarda mutasiya edən "Omikron" ştammına qarşı peyvənd üzərində işlədiyini açıqlayıb. Qeyd edilib ki, yeni peyvənd orqanizmi yeni mutasiyalardan daha yaxşı qoruya bilən gücləndirici olacaq. Hazırda sözügedən peyvəndin hazırlanması prosesinin sürətlə aparıldığı vurğulanıb.