Neft on dollar ucuzlaşıb: düz iki aylıq minimuma çatıb. Kotirovkalar koronavirusun yeni ştammına görə düşüb. Əgər o, təhlükəli olarsa, dünyanı daha sərt məhdudiyyətlər gözləyir, bu isə o deməkdir ki, enerji daşıyıcılarına tələbat qaçılmaz olaraq azalacaq. “Qara cümə” fond bazarına da ayaq açdı: sərmayədarlar nəhəng şirkətlərin qiymətli kağızlarının satışına başladılar. Qarşıda isə OPEC+ görüşü var – ixracatçılar hasilata “əl gəzdirib-gəzdirməmək” barədə qərar verməlidirlər.
Çox baha
Noyabrın ortalarında Brent markalı neftin bir bareli 82 dollar idi, bu isə əsas istehlakçıları qane etmirdi. Yanvardan bəri ABŞ-da benzinin litri 0.62 dollardan 0.83 dollara qalxaraq yeddi illik rekordu təzələdi. Amerikalılara görə, bunun günahkarı OPEC+ idi. İndi kartel hər ay sutkalıq hasilatı 400 min barel artırır və tarixdə ən iri sayılan ötənilki birdəfəlik azaltmadan sonra tədricən normaya dönür.
Vaşinqton qiymətləri azaltmaq üçün strateji neft ehtiyatlarının ağzını açıb. Amerikalılar Çin, Yaponiya, Hindistan və Cənubi Koreyadan da ehtiyatların bir qismini satmağı xahiş ediblər. Bazara əlavə 70 milyon barel daxil olması ehtimalı Brentin qiymətini 80 dollardan aşağı salıb.
“Omikron” isə hər kəsi elə qorxutdu ki, noyabrın 26-da Brent 2020-ci ilin aprelindən bəri ilk dəfə gündəlik minumuma – 72 dollara düşdü.
Fond birjaları da “qara cümə”nin acısını daddı: ABŞ-da Dow Jones 2.53 faiz, S&P – 2.27, Nasdaq Composite — 2,23 faiz itirdi. Moskva birjasının indeksi 3.5 faiz düşdü.
Bazar ertəsi kotirovkalar bir qədər mövqelərini bərkitsə də, çərşənbə axşamı Şimal dəniz neftinin qiyməti yenə endi. Noyabrın 30-da alqı-satqıların minimumunda 2022-ci ilin fevral fyuçersləri bir barel üçün 70.62 dollar və ya 3.8 faiz ucuzlaşdı.
Bu ərəfədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq yaydı ki, omikron hətta xəstəlikdən sağalmış adamlar arasında da çox sürətlə yayılma riski daşıyır. Ancaq təşkilatda onu da etiraf etdilər ki, hələ ki yeni ştamm haqda dəqiq məlumata malik deyillər. Moderna-nın baş direktoru Stefan Bansel isə bəyan etdi ki, koronavirusa qarşı mövcud vaksinlər, çətin ki, yeni varianta qarşı effektiv olsun.
İsrail və Sinqapur Afrikanın bir neçə ölkəsi ilə aviasiya əlaqəsini dayandırıb. Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Niderland qitənin altı ölkəsinə uçuşları müvəqqəti - ekspertlər növbəti mutantın xüsusiyyətlərini öyrənənədək – dayandırıblar. Sərhədlərin bağlanması, logistikadakı qırılmalar dünya iqtisadiyyatının bərpasının kəskin ləngiməsinə rəvac verir. Müvafiq olaraq enerji daşıyıcılarına olan tələbat da azalacaq.
Bazar da ssenarilərdən ən pisinə reaksiya verdi. “Sinara” investisiya bankının analitika departamentinin direktoru Kirill Taçennikov qeyd edir ki, ehtiyatların satışı və hasilatın artacağı ehtimalı kotirovkaların düşəcəyini vəd edir.
OPEC+ necə davranacaq
OPEC+ necə davranacaq – hələ ki bunu demək çətindir. Mövcud plan yanvar ayından hasilatın tədricən artırılmasını nəzərdə tutur. Səudiyyə Ərəbistanının Energetika naziri Əbdüləziz bin Salman Əl Səud deyib ki, omikron ştammının enerji bazarına təsirinə görə narahatlıq keçirmir. Ancaq eyni zamanda o, kartelin planlarını şərh etmək istəməyib.
Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, Moskva təcili tədbirlərə ehtiyac duymur. Alyans üzrə partnyorları isə onunla məsləhətləşmə aparmayıblar.
“Neftçiləri ən çox narahat edən ABŞ və müttəfiqlərinin strateji ehtiyatlarını açmaq yolu ilə bazara təzyiq göstərmələri idi. Böyük ehtimalla, yeni ştamm artıq yaxın vaxtlardakı ilk iclasda mövqelərin nəzərdən keçirilməsinə vadar edəcək”, - “Vahid broker” şirkətinin direktoru Artyom Arzamasov bildirir.
“Əgər OPEC+ dekabrın 2-də keçirəcəyi iclasda planları dəyişsə, neftin qiyməti yenidən bir barel üçün 80 dollardan baha ola bilər. Ancaq ABŞ, çox güman ki, ehtiyatlarını satmağa davam edəcək: konqresə seçkilər yaxınlaşır deyə demokratlar çoxluğu saxlamaq xatirinə benzinin qiymətini azaltmalıdırlar”, - Bosell analitika şirkətinin vitse-prezidenti Olqa Veretennikova deyir.
Analitiklər düşünürlər ki, OPEC+ ehtiyatlı davranmağa üstünlük verəcək: məsələn, neft hasilatının artırılmasını iki dəfə azaldacaq, yaxud da qeyri-müəyyən vaxtadək onu sıfırlayacaq. Əgər yeni ştammın üzərindən “qorxulu” sözünü götürsələr, o zaman ciddi nəsə baş verməyəcək.
Təəssüf ki, bütün bunlar rubla da sabitlik gətirmir. Cümə günü qeydə alınan çöküşdə Rusiya valyutası 75.92/1 dollar və 85.69/1 avro həddinədək ucuzlaşdı. Omikronun, bəlkə də “yumşaq” olacağı ehtimalı fonunda səhmlər və neft noyabrın 29-da bir qədər özlərini dirçəltdilər. Rubl da həmçinin. Ancaq qeyri-müəyyənlik hələ də qalır.
CARF fondunun icraçı direktoru və maliyyəçi Andrey Sırçin hesab edir ki, neftçilər gözləmə mövqeyi tutacaqlar. “Hər kəsin qorxduğu bircə şey var: birdən dünya iqtisadiyyatı 80 dollardan yuxarı kotirovka ilə bacara bilməz”.
The Wall Street Journal-ın yazdığına görə, aparıcı idxalatçıların fəaliyyəti səbəbindən OPEC+da neft siyasətinə, ehtimal ki, əl gəzdiriləcək. Karteldəki mənbələrinə istinad edən nəşr yazır ki, Səudiyyə Ərəbistanı və Rusiya “qiymətlərin azalmasının qarşısını almaqdan ötrü planlaşdırılmış hasilat artımını kollektiv surətdə dayandıra bilərlər”.