BAKI, 1 dekabr — Sputnik. Tarixçi-alimlər Ramin Əlizadə və Elnur Nəciyevin "Qarabağın alban-qıpçaq tarixinə dair" adlı kitabı nəşr olunub.
"Azərbaycan Tarixçiləri" İctimai Birliyindən
Sputnik Azərbaycan-a bildirilib ki, layihə rəhbəri və ön sözün müəllifi AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudovdur.
Yaqub Mahmudov kitaba yazdığı "Tarixi həqiqətə doğru gərəkli və uğurlu addım" adlı ön sözdə bu fikirləri bildirib:
Yeni nəşrdə Qarabağın alban-qıpçaq tarixi ilə bağlı həm ziddiyyətli məqamlara aydınlıq gətirilir, həm də erməni saxtakarlıqlarına tutarlı cavab verilir. Nəşrə, həmçinin erməni saxtakarlığını ifşa edən sənədlər və fotomateriallar daxil edilib.
Əsərdə sübut edilir ki, Qarabağın qədim alban-qıpçaq xristian abidələrinin XIX əsrdə Azərbaycan torpaqlarına köçürülüb gətirilmiş ermənilərə heç bir aidiyyəti yoxdur. Əsl həqiqət bundan ibarətdir ki, Kəlbəcərdəki Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal "Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu" kimi yad edilir. Bu kitabə onun əcdadlarının erməni deyil, qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir. Təsadüfi deyil ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Bu məktublar sonradan erməni alimləri tərəfindən saxtalaşdırılaraq, "Alban türkləri" - "Ağvan müsəlmanları", "Alban Ərsaki nəsli" isə "erməni rəisləri nəsli" ifadələri ilə əvəz edilib.
Kitabda qeyd edilir ki, alban-qıpçaq etnik-mədəni əlaqələri XII əsrdən etibarən daha sıx xarakter alıb. Xüsusilə də Alban-Xaçın knyazlarının onlara soykök baxımından qohum olan tanınmış qıpçaq nəsillərindən qız almaları bu əlaqələri daha da möhkəmləndirib. Maraqlıdır ki, xristian qıpçaq xatunlar Qarabağda da türklüklərini simvolizə edən xatun titulunu qoruyub saxlamışdılar. Albaniya hökmdarları isə xaqan, xan və ya işxan titulu daşımışlar. Bir çox yazılı mənbələrdə və alban-qıpçaq kilsələrinin kitabələrində bəhs edilən yer-yurd, şəxs (Mama xatun, Hurişah xatun, Arzu xatun, Vaxtanq Təkin və s.) və müxtəlif türk boylarının adları bunu bir daha təsdiq edir.