PAYTAXT XƏBƏRLƏRİ

Milli Xalça Muzeyində gürcü rəssamın unikal sərgisi təşkil olunub

Sərginin kuratoru Gürcüstan Milli Muzeyinin baş kuratoru, Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridzedir. Sərgi 22 yanvar 2022-ci il tarixinədək davam edəcək.
Sputnik
BAKI, 1 dekabr — Sputnik. Ötən gün Azərbaycan Milli Xalça Muzeyində məşhur gürcü rəssamı, sənətşünas Nino Kipşidzenin əsərlərindən ibarət "Varlığın fraqmentləri" adlı sərginin açılışı olub. Sərgi barədə Sputnik Azərbaycan-a məlumat verən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçirilib. Məlikova bildirib ki, əsrlər boyu dünyanın bütün xalqlarında tekstil sənəti ilə əsasən qadınlar məşğul idi. Hazırda qədim sənətkarlığı, o cümlədən, tekstillə bağlı sənətləri aktiv şəkildə dirçəldən Gürcüstan da istisna deyil. Sözsüz ki, bu prosesdə aparıcı rol qadınlara məxsusdur. Belə entuziastlardan biri, oturtma tikmə və qurama texnikalarında pannolar yaradan Nino Kipşidzedir. Onun çoxsaylı müxtəlif forma və rəngli modullardan yaratdığı əsərlər mürəkkəb tekstil mozaikasını təşkil edir:
Rəssam Nino Kipşidzenin Azərbaycana həsr etdiyi əsər
"Təqdim olunan əsərlərdə müxtəlif rəngli və fakturalı parça fraqmentlərinin yaratdığı təkrarolunmaz səth vizual olaraq ikiölçülü müstəvini "yarıb keçərək" tamaşaçıya tamamilə yeni, ecazkar, çoxölçülü bir dünyanı açır".
Muzey direktorunun sözlərinə görə, rəssamın əsərləri əsasən mənzərə və natürmortlardan ibarətdir:

"Bununla yanaşı, rəssam fiqurativ kompozisiyalar da yaradıb. Burada fiqurların şərti, yayğın təsviri tamaşaçıya konkret detalların interpretasiyası üçün imkan verməklə yanaşı, ümumi, tanınan obraz yaradır. Nino Kipşidzenin yaradıcılığında sözün əsl mənasında ləçək-ləçək yığılmış əlvan gül dəstəli natürmortlar olduqca çoxdur. Burada müxtəlif rənglər və yarpaqlardan təşkil edilmiş dəstələrdə çalarların harmonik seçimi və rəngbərəng parça hissələri ahənginin valehedici şəkildə müəyyən bitkinin aydın obrazını yaradan eyni növ güllərdən ibarət monobuketin ustalıqla ifadə edilməsi eyni dərəcədə heyran edir".

Məlikova əlavə edib ki, Nino Kipşidzenin əsrarəngiz mənzərələri lakonikliyi ilə Şərq qravüralarını, bəzən isə hətta memarlıq elementlərini xatırladır. Çoxfiqurlu kompozisiyalarda isə rəssamın müəllif üslubunu daha aydın şəkildə görmək olar:
Nino Kipşidzenin “Varlığın fraqmentləri” sərgisi

"Gürcü sənətşünası Nino Simonişvili bu görkəmli rəssam haqqında bunları qeyd edib ki, Nino Kipşidze gürcü mədəni irsinin qlobal əhəmiyyətini formalaşdırmış aspektlərini ustalıqla ifadə edən sənətşünasdır. Rəssamın əsərləri həm Şərq (Çin, yapon, İslam), həm də Qərb dekorativ və təsviri incəsənəti metodlarının unikal estetik təsirini özündə birləşdirərək gürcü tekstil sənətinin çoxəsrlik ənənələrini günümüzə çatdırır".

Qeyd edək ki, sərginin kuratoru Gürcüstan Milli Muzeyinin baş kuratoru, Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridzedir. Sərgi 22 yanvar 2022-ci il tarixinədək davam edəcək.