BAKI, 30 noyabr – Sputnik. Lənkəran xüsusilə kənd təsərrüfatı sahəsində, məhsullarının həm keyfiyyətinə, həm də tamına görə seçilən rayonlardan biridir.
Bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Lənkərana səfəri zamanı Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib.
“Avropa İttifaqının Azərbaycanda səfiri olaraq mandatım çərçivəsində Bakıdan kənara etdiyim ilk səfərim Lənkəran şəhərinədir. Bu, çox səfalı rayonda olmaq mənə xoşdur”, - deyən səfir bura “EU4 Lankaran” layihəsini açılış mərasimində iştirak üçün gəldiyini bildirib.
Qeyd edib ki, sözügedən layihənin məqsədi bu bölgədə kiçik və orta biznesin, kənd təsərrüfatının inkişafına dəstək verməkdir:
“Kiçik biznesin daha da güclü olması, onun istehsalının genişləndirilməsi, məhsullarının təkcə yerli bazarlara deyil, həmçinin beynəlxalq bazarlara, Avropa İttifaqı ölkələri bazarlarına çatdırılması üçün yerli istehsalçılara kömək etmək çox vacibdir”.
Səfir qeyd edib ki, Avropa İttifaqı Lənkəranda icra ediləcək layihəyə kifayət qədər vəsait ayırıb. Eyni zamanda “EU4Culture” layihəsi çərçivəsində Avropa İttifaqına üzv olan dövlətlərlə mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün Azərbaycanda seçilmiş 3 şəhərdən biri də Lənkərandır. Odur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətləri bundan sonra da davam edəcək.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko
© Sputnik / Rahim Muradov
Qeyd edək ki, bu gün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə birgə Lənkəran şəhərində təşkil etdiyi “EU4Lankaran” proqramının rəsmi açlış mərasimi olub.
Peter Mixalko mərasimindən əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb.
Görüşdə Lənkəranın iqtisadi potensialı, rayonda görülən işlər barədə məlumat verilib. Qeyd edilib ki, sahibkarlığın inkişafı üçün Lənkəranda hər cür şərait yaradılıb.
Lənkərana səfərdən məmnunluğunu ifadə edən Peter Mixalko Avropa İttifaqı ilə Azərbaycan arasında çox güclü tərəfdaşlığın olduğunu deyib:
“Azərbaycana gəldiyim ilk gündən insanların qonaqpərvərliyi məndə xoş təəssüratlar yaratdı. Aİ-nin ən böyük layihələrindən biri məhz Lənkəranda həyata keçirilib. Avropa Gününü də Bakıdan kənarda ilk dəfə Lənkəranda təşkil etdik”.
P. Mixalko qeyd edib ki, Aİ-nin “EU4Lankaran” layihəsi 2024-cü ilin sonunadək davam edəcək. Layihə biznesə, kənd təsərrüfatına dəstək göstərilməsini, mədəniyyət sahəsi üzrə tədbirlərin keçirilməsini nəzərdə tutur.
Peter Mixalko Lənkəranda sahibkarlarla görüşərək onları maraqlandıran suallara cavab verib. Səfir sahibkarlara müvafiq sertifikatları təqdim edib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov “EU4Lankaran” layihəsinin rəsmi açılış mərasimində çıxış edib. Bu layihənin rayon üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, bu, iqtisadiyyatın şaxələndirilməsində vacib rol oynayacaq.
"EU4Lankaran" layihəsi Lənkəran-Astara iqtisadi regionuna və yerli icmalara bütün regionda meyvə-tərəvəz sektorunun səmərəli və davamlı, ekoloji təmiz və iqlim dəyişikliyinə davamlı həllində Avropa İttifaqının hərtərəfli dəstəyini təmin edir.
Proqramın əsas məqsədi regional ərazi planlaşdırma sisteminin yaxşılaşdırılması, yerli iqtisadi və ictimai əməkdaşlıq mərkəzlərinin yaradılması və müasirləşdirilməsi, meyvə və tərəvəz sektoru üzrə Lənkəran-Astara iqtisadi rayonunda sahibkarlıq və investisiya şəraitinin münbitləşdirilməsidir.
Peter Mixalko Lənkəran-Astara iqtisadi rayonunda inkişafın ölkə iqtisadiyyatı üçün vacibliyini vurğulayaraq deyib:
“Mən belə bir proqramın icrasına görə çox şadam. Çünki Aİ regional inkişaf proqramlarında iqlim dəyişikliyinə və yaşıl iqtisadiyyata davamlılığı baxımından Azərbaycanla ən yaxşı təcrübələrini bölüşür”.
Lənkəranda “EU4Lankaran" layihəsinin təqdimat tədbiri
© Sputnik / Rahim Muradov
Səfir, həmçinin qeyd edib ki, bu layihə Aİ ilə Azərbaycanı daha da yaxınlaşdıracaq.
“Lənkəranın inkişafı üçün bir sıra imkanlar var. Aİ də bu imkanların reallaşmasına dəstək göstərməyə hazırdır. Çalışacağıq ki, kənd təsərrüfatını inkişaf etdirib, məhsuldarlığı artırıb beynəlxalq bazarlara çıxışı təmin edək. Qeyri-neft sektoru, kiçik və orta sahibkarlığın inkişafı bizim üçün prioritetdir və Azərbaycana bu sahədə hər zaman kömək etməyə çalışmışıq. Azərbaycan kimi tərəfdaşlarla əməkdaşlıq bizim üçün çox vacibdir", - deyə səfir vurğulayıb.
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev layihənin əhəmiyyətini qeyd edib, Azərbaycanla Aİ arasında geniş əməkdaşlıq potensialının olduğunu bildirib.
Tədbirdə, həmçinin “Lənkəran-Astara iqtisadi rayonuna Aİ dəstəyi” adlı texniki yardım layihəsinin, “Azərbaycanda sanitariya və fitosanitariya (SFS) tədbirlərinin gücləndirilməsi” adlı tvininq layihəsinin, “Lənkəran-Astara iqtisadi regionda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin əməkdaşlığın və müasirləşmənin təşviqi” adlı qrant layihəsinin təqdimatı keçirilib.
Qeyd edək ki, Lənkəran-Astara iqtisadi zonasını əhatə edən layihənin ümumi dəyəri 27 milyon manatdır və 2024-cü ilin sonuna kimi davam edəcək.
Peter Mixalko cənub səfərində Lənkəran Dövlət Universitetinin tələbələrilə görüşüb, onlara Avropa ölkələrinin müasir ali təhsil ocaqlarında olan təhsil proqramları haqqında məlumat verib. Tələbələrin bu proqramlardan istifadə edə biləcəklərini vurğulayıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.