BAKI, 30 noyabr — Sputnik. Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Qılınclı kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan görüntüləri təqdim edir.
Kənd Tərtər çayının sahilində, sıldırım qayalıq üstündədir. Yaşayış məntəqəsini Laçın rayonundaki Qılışlı kəndindən köçmüş ailələr salmışlar. Bəzi mülahizələrə əsasən, qılıclı (qılınclı) keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir.
1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonu ötən il noyabrın 25-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq erməni işğalından azad edilib.
Ötən ilin noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalanmışdı.
Bəyanatda Kəlbəcərin noyabrın 15-dək qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan daha 10 gün vaxt istəyib. Azərbaycan humanizm prinsiplərini əsas götürərək, güzəştə gedib, ermənilərə 10 gün əlavə vaxt verib. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə qaytarılıb. Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyulub.