BAKI, 30 noyabr - Sputnik. Çoxlu mutasiyaları olan “omikron” variantının əmələ gəlməsi COVID-19 üzərində qələbəyə hələ ki, nail olmamağımız barədə daha bir xəbərdarlıqdır.
Sputnik Azərbaycan BMT-nin saytına istinadla xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedros Qebreyesus təşkilatın xüsusi sessiyasının açılışında çıxış edərkən bildirib.
Adətən Assambleyanın sessiyaları may ayında keçirilir, indiki hal tarixdə ikinci dəfə qaydalardan istisna halıdır. Forum iştirakçıları ÜST-nin təsis etdiyi komissiyanın tövsiyələrinə uyğun olaraq, gələcək pandemiyalara hazırlığın artırılması üzrə saziş layihəsini müzakirə edirlər.
Xüsusi sessiya yeni “omikron” ştamı barədə məlumatlarla bağlı ümumi narahatlıq fonunda açılıb. ÜST rəhbərinin sözlərinə görə, yeni, potensial təhlükəli ştamın əmələ gəlməsi o faktı bir daha təsdiqləyir ki, əgər virus dünyanın bircə ölkəsində belə tüğyan edərsə, o halda heç kəs özünü təhlükəsizlikdə hiss edə bilməz.
Doktor Tedros “omikron” barədə məlumatların operativ şəkildə təqdimatına görə Cənubi Afrikaya və Botsvanaya təşəkkürünü bildirib, bir daha vicdanlı əməkdaşlığa görə bu ölkələri cəzalandırmamağa, bu ölkələrin vətəndaşları üçün sərhədləri bağlamamağa çağırıb.
Bazar ertəsi BMT-nin Baş katibi Antonio Quterreş də beynəlxalq ictimaiyyətə analoji çağırışla müraciət edib. O deyib: “COVID-19 səbəbindən səfərlərə tətbiq olunan yeni məhdudiyyətlərlə bağlı Afrikanın cənubundakı ölkələrin təcrid olunması məni çox narahat edir. Mən çoxdan xəbərdarlıq etmişdim ki, peyvəndlənmənin aşağı səviyyədə olması yeni ştamların əmələ gəlməsinə şərait yaradır”.
Baş katibin sözlərinə görə, Afrika əhalisini onların ölkəsində vaksin çatışmazlığına görə təqsirləndirmək, mühüm elmi informasiyanı təqdim etmələrinə görə cəzalandırmaq olmaz. BMT-də dövlətlərə yeni ştamın yayılmasının aradan qaldırılması üçün ölkəyə gələnləri dəfələrlə testlənmədən keçirməyi və digər tədbirləri tövsiyə edirlər.
Hazırda bütün dünyanı narahat edən məsələlər “omikron” ştamının nə dərəcədə yoluxucu olması, xəstəliyin gedişini nə dərəcədə ağırlaşdırması, peyvənd və təbii immunitetin onun qarşısını almaq iqtidarında olub-olmamasıdır. ÜST-nin himayəsi altında alimlər bütün dünyada bu və digər suallara cavab axtarırlar, amma hələ ki, dəqiq məlumatlar yoxdur.
Cənubi Afrikada hospitalizasiya göstəriciləri artıb, bunun yeni ştamın xarakteri və ya xəstəliyin artması ilə bağlı olması hələ aydın deyil. Bu gün alimlərin sərəncamında “omikron”un daha əvvəl məlum olan ştamlarla müqayisədə başqa simptomlar əmələ gətirməsinə dair elə bir sübut yoxdur.
Bununla yanaşı, ehtimal etməyə əsas var ki, “omikron” digər ştamlarla müqayisədə daha çox hallarda COVID virusuna tutulanları yenidən yoluxdura bilər.
Hələ bir il bundan əvvəl ÜST xəbərdarlıq etmişdi ki, vaksin istehsalçıları ilə ölkələr arasında ikitərəfli razılaşmalar planetin vaksin uğrunda “basırıqda” ayaq altında qalacaq yoxsul və ən həssas sakinlərinin maraqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər.
“Belə də oldu. “İyirmiliyə” daxil olan ölkələr vaksinlərin 80 faizini tədarük etdi, kasıb ölkələrin payına isə, - onların əksəriyyəti Afrikada yerləşir, - aparılan peyvəndlənmənin ümumi sayının yalnız 0,6 faizi düşür”, - deyən ÜST rəhbəri xəbərdarlıq edib: “Vaksin bərabərsizliyi nə qədər çox davam edərsə, virus bir o qədər çox yayılar, xəstəliyin hansı istiqamətdə inkişaf edəcəyini heç kəs deyə bilməz”.