Heydər Əliyev adına Neft Emalı Zavodunda 2019-cu ildən modernləşdirilmə işləri aparılır.
Bu günədək modernləşdirmə işlərinin 85-90%-i həyata keçirilib.
Hazırda zavodun ərazisində təmir işləri, o cümlədən istismara hazırlıq işləri aparılır.
Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi nəticəsində hidrogen istehsalı və hidrogenin zənginləşdirilməsi üzrə yeni qurğuların işə salınması planlaşdırılır.
Bundan əlavə, 2022-ci ildə Neft Emalı Zavodunda modernləşdirmədən sonra dizel istehsalına başlanacağı gözlənilir.
2023-cü ildə isə müəssisə "Avro-5" standartında benzin istehsalına başlayacaq.
Modernləşdirmədən sonra müəssisə emal həcmini ildə 7,5 milyon tona çatdıracaq.
2021-ci ilin dekabr ayından 116 sm-lik yeni məşəl qurğusunun istifadəyə verilməsi planlaşdırılır.
Yeni qurğu atmosferə minimum karbon tullantıları ilə işləyir.
Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neft emalı müəssisəsidir.
Zavod Aİ-92 markalı benzin, dizel və aviasiya yanacağına yerli tələbatın ödənilməsi ilə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini xammal ilə təmin edir.
Zavodda istehsal olunan məhsulların bir hissəsi ixrac olunur.
Neft Emalı Zavodunun istehsal gücünü artırmaq, ölkəni "Avro-5" standartına uyğun yüksək keyfiyyətli yanacaqla təmin etmək, "Azərkimya"nın xammal sabit təchizatı və neft məhsullarının ixrac potensialının artırılması məqsədi ilə həyata keçirilən modernləşdirmə və yenidənqurma işləri ölkə sənayesi üçün böyük əhəmiyyət kəsb edir.