CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət orqanları pullu xidmətin tarifini müəyyənləşdirəcək - Prezidentdən mühüm fərman

İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib və müvafiq fərman verib.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
Burada “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu) bir sıra maddələrinə əlavə və düzəliş edilib.
Qanunun 10-cu maddəsinin üçüncü – on birinci hissələri müvafiq olaraq dördüncü – on ikinci hissələr hesab edilməsi və həmin maddəyə aşağıdakı məzmunda üçüncü hissənin əlavə edildiyi qeyd olunub:
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.”
Azərbaycan Respublikası Prezidenti həmçinin "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 29 oktyabr tarixli 392-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1997-ci il 25 iyul tarixli 622 nömrəli və "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman verib.
Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 29 oktyabr tarixli 392-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıb:
1. Müəyyən edilsin ki:
1.1. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 10-cu maddəsinin üçüncü hissəsində "orqan (qurum)" dedikdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər dövlət tibb müəssisələrinə münasibətdə isə tabe olduqları dövlət orqanları (qurumları) nəzərdə tutulur.
2. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 498; 2007, № 11, maddə 1114; 2009, № 12, maddə 977; 2011, № 2, maddə 84; 2014, № 3, maddə 242; 2017, № 6, maddə 1116, № 7, maddə 1317; 2020, № 6, maddə 690, № 7, maddə 881, № 12 (I kitab), maddə 1501; 2021, № 6 (I kitab), maddə 567) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. ikinci abzasa "11-ci" sözlərindən əvvəl "10-cu maddəsinin üçüncü hissəsində," sözləri əlavə edilsin;
2.2. dördüncü abzasda "ikinci və onuncu hissələrində" sözləri "on birinci hissəsində" sözləri ilə əvəz edilsin;
2.3. on ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda on üçüncü abzas əlavə edilsin:
"həmin Qanunun 10-cu maddəsinin üçüncü hissəsində "orqan (qurum)" dedikdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər dövlət tibb müəssisələrinə münasibətdə isə tabe olduqları dövlət orqanları (qurumları) nəzərdə tutulur.".
3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1639; 2019, № 2, maddə 219; 2020, № 6, maddə 690, № 12 (I kitab), maddə 1483; 2021, № 6 (I kitab), maddə 570) ilə təsdiq edilmiş "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. aşağıdakı məzmunda 3.1.11-2-ci yarımbənd əlavə edilsin:
"3.1.11-2. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini təsdiq edir;";
3.2. 3.2.8-ci yarımbənd ləğv edilsin;
3.3. 5.5-ci bənddə "Prezidenti" sözü "Nazirlər Kabineti" sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 29 oktyabr tarixli 392-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.