SƏHİYYƏ

Biznes üçün imkan: Azərbaycan əczaçılıq zavodlarının tikintisindən faydalana bilər

Dərman preparatlarının istehsalı və xarici tərəfdaşların, o cümlədən Rusiyanın cəlb edilməsi dövlətin əczaçılıq sənayesi sahəsində gəlir əldə etməsinə rəvac verəcək.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda dərman preparatlarının istehsalı üçün hər cür şərait mövcuddur. Bu barədə Azərbaycan Tibb Universitetinin ictimai elmlər kafedrasının baş müəllimi, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nigar Ələkbərova bildirib. O əmindir ki, əczaçılıq şirkətlərinin təsisi ölkədə dərmanların maya dəyərini azaltmağa kömək edə bilər.
"Azərbaycanda müalicəvi bitkilər yetişir, dərman istehsalı üçün faydalı qazıntılar, təbii ehtiyatlar mövcuddur. 2008-ci ildə biyan kökündən dərman istehsal edən zavodun tikintisi bu baxımdan uğurlu nümunə sayıla bilər", - deyə Ələkbərova qeyd edib.
Digər tərəfdən, o hesab edir ki, ölkədə müasir əczaçılıq sənayesinin əsas komponenti olan kimyanın müxtəlif sahələri üzrə təhsil və tədqiqat institutları şəbəkəsi mövcuddur. Kimya sənayesinin milli iqtisadiyyatın tərkib hissəsi olduğunu nəzərə alsaq, bunu mühüm amillərdən biri hesab etmək olar.
Bundan əlavə, Azərbaycanda hələ Sovet İttifaqı dövründən biologiya sahəsində yüksək ixtisaslı kadrların hazırlanması ənənəsi mövcuddur. Bu sahədə tədqiqat mərkəzləri hələ də fəaliyyət göstərir.
Əczaçılıq məhsulları istehlakçılarının çoxluğunu nəzərə alaraq iqtisadiyyatın bu seqmentində dövlətin iştirakı son dərəcə vacibdir. Hətta tanınmış əczaçılıq brendləri ölkəyə cəlb olunsa belə, şübhəsiz ki, dövlətin köməyinə ehtiyac olacaq. Ekspert qeyd edib ki, Azərbaycan bundan istər əhalinin məşğulluğu, istər vergilər, istərsə də şirkətlərin səhmlərinin özəlləşdirilməsi kimi hərtərəfli iqtisadi fayda əldə edəcək.
Xatırladaq ki, bu ilin iyul ayında Rusiyanın "R-Farm" Məhdud Məsuliyyətli Cəmiyyət əczaçılıq şirkəti və "Servier" beynəlxalq müstəqil əczaçılıq qrupu Azərbaycanda sosial əhəmiyyətli xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin lokallaşdırılması sahəsində əməkdaşlığın genişləndirildiyini elan ediblər. Tərəflər şəkərli diabetin ağırlaşmalarının qarşısının alınması üçün Diabeton® (qliklazid) preparatının ikinci dərəcəli qablaşdırma mərhələsinin Azərbaycanda "R-Pharm" zavodununda lokallaşdırılmasını, həmçinin bu məhsulların ölkədə kommersiyalaşdırılmasını nəzərdə tutan müvafiq saziş imzalayıblar.
Beş illik müqavilənin şərtlərinə əsasən, zavod ildə təxminən bir milyon paket dərman vasitəsi istehsal edəcək.
Bundan əlavə, bu il noyabrın 20-də Azərbaycan Səhiyyə nazirinin birinci müavini, şöbə müdiri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Rusiya Sənaye və Ticarət Nazirliyinin xarici ticarət sahəsində beynəlxalq kooperasiya və lisenziyalaşdırma departamentinin direktoru Roman Çekuşovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı tərəflər əczaçılıq sənayesində gələcək əməkdaşlığın perspektivlərini, o cümlədən səhiyyə-aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Rusiya nümayəndə heyətinin üzvləri əczaçılıq sənayesi sahəsində iki ölkənin uğurlu qarşılıqlı fəaliyyətini vurğulayaraq, dərman təminatı sahəsinin ən mühüm və sosial əhəmiyyətli sahələrdən biri olduğunu qeyd ediblər.