CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi sahələrdə olan boşluqlar narkotik aludəçilərinin sayını artırır - Deputat

Komitə sədri qeyd edib ki, gələcəkdə bu sahədə uğur qazanmaq istəyiriksə, bu işlə mübarizə aparan qurumlar bir-biri ilə əlaqəli çalışmalıdır.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Narkotiklə mübarizə çərçivəsində görülən işlərə baxmayaraq, statistika göstərir ki, belə insanların sayı artır.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bunu Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, bu bizim ölkəmizdə də, dünyada da belədir: “Narkotik istifadəçilərinin sayı ilbəil artır. Bunun bir çox səbəbi var. Əsas səbəblərdən biri də yeni çeşidli narkotiklərin dövriyyəyə buraxılmasıdır. Bu sahələrdə olan boşluqlar narkotik aludəçilərinin sayını artırır. Təkcə ABŞ-da narkotikin yüksək dozasından hər il 47-48 min insan dünyasını dəyişir. İkinci tərəfdən biz bilirik ki, statistika bütün bu insanları əhatə etmir. Böyük qrup insanlar bu statistikadan kənarda qalır. Bunun həllinə kompleks məsələ kimi baxmalıyıq”.
CƏMİYYƏT
Narkotiklə tutulan Azərbaycan çempionuna hökm oxunub
Komitə sədri qeyd edib ki, gələcəkdə bu sahədə uğur qazanmaq istəyiriksə, bu işlə mübarizə aparan qurumlar bir-biri ilə əlaqəli çalışmalıdır: “Dünyada bu sahədə fəaliyyət göstərən bir çox qurum var. Biz o qurumlarla da işləməli, onların təcrübəsindən yararlanmalıyıq”.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov isə bildirib ki, narkomaniya cinayətkarlığın artmasına səbəb olur və bütövlükdə milli təhlükəsizliyə təhdiddir.
Onun sözlərinə görə, narkotik istifadəçilərinin sayı statistikada göstəriləndən çoxdur: “Cari ilin 10 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 55600 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2981 nəfərindən 2193-nün istifadəçi olması müəyyən edilib”.
İ. Hümbətov qeyd edib ki, narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə bərabər, cəmiyyət də aktiv iştirak etməlidir.
“Müxtəlif dini tədbirlərdə də antinarkotik mövzusunda çıxışlara geniş yer verilsə, yaxşı olar. Eyni zamanda, narkotik istifadəçisi olmuş və sonradan norma həyata qayıtmış şəxslərlə media sahəsində müsahibələr təşkil olunması da bu mübarizənin bir növü olardı. Ölkənin inzibati rayonlarında yaşayan gənclərin işlə təmin olunması, həmin rayonlarda idman və digər sahələrin inkişaf etdirilməsi nəticəsində həmin gənclərin boş vaxtının qalmasının qarşısı alına bilər.
Təhsil müəssisələrində narkotiklə bağlı tibbi müəssisələrin təşkil edilməsini, təhsil alanların mütəmadi olaraq narkotikə qarşı tibbi müayinədən keçirilməsini təklif edirik. Narkotiklə əlaqədar cinayətə görə həbs edilmiş şəxslərin digər məhbuslarla bir yerdə saxlanılması da məqsədəuyğun deyil. Çünki onlar digər məhbusların ailə üzvləri ilə əlaqələr quraraq ölkədə narkotikin yayılmasına cəhd edirlər. Narkotiklə mübarizə üçün təkliflərimiz əsasında tərəfimizdən hazırlanan qanun layihələri Nazirlər Kabinetinə təqdim edilib”.