BAKI, 29 noyabr — Sputnik. Noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Təhsil tələbə kreditlərinin verilməsi yenilik olsa da, şərtlərlə bağlı müəyyən narazılıqlar var. Təhsil krediti üçün bal məhdudiyyətinin qoyulması, eləcə də qiyabi təhsil alan tələbələrə verilməməsi birmənalı qarşılanmır. Sputnik Azərbaycan Təhsil tələbə krediti şərtlərinin təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr üçün nə qədər əlçatan olduğunu araşdırıb.
300 bal şərti tələbələrə kredit almağa mane olur?
Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Elmar Hüseynov bildirib ki, 300 bal məhdudiyyəti düzgün deyil. Çünki 1-ci qrup üzrə təhsil alan tələblərin əksəriyyəti 300 baldan aşağı bal toplayıb və ödənişli əsaslarla təhsil alırlar: "Düşünürəm ki, 300 bal məhdudiyyəti aşağı salınmalıdır. Ən azı 250 bal olsa, yaxşı olar".
Bəzi tələbələr isə qiyabi təhsil alanlar üçün Təhsil tələbə kreditinin verilməməsini düzgün hesab etmirlər. Onlar deyir ki, qiyabi təhsil alan tələbələrin heç də hamısı işləmir.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Təhsil tələbə kreditləri ilə bağlı şərtlərə görə, kredit almaq üçün tələbənin minimum 300 balı olmalıdır. Bu qədər bal toplayan tələbələr isə dövlət sifarişli ixtisaslara qəbul ola bilirlər: "I qrup üzrə 9866 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 7137 nəfər 300 dən çox bal toplayıb. Bu qrupda 10112 dövlət sifarişli, yəni ödənişsiz plan yeri var. Bu o deməkdir ki, I qrupda abituriyentlər 200 balla hətta ödənişsiz ixtisaslara qəbul ola biliblər. II qrupda 5346 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 3568 nəfəri 300 balı keçib. Lakin burada da 4230 plan yeri dövlət sifarişli, yəni ödənişsiz ixtisas var və II qrup üzrə tələbələr 250 balla ödənişsiz ixtisaslara qəbul ola bilərlər. Bu o deməkdir ki, kredit almaq üçün əksər tələbələr müraciət edə bilməyəcəklər, çünki 300-dən yuxarı balları olsaydı elə dövlət sifarişi olan ixtisaslara qəbul olardılar, yəni 300-dən aşağı balı olanlar elə ödənişli əsaslarla təhsil almağa məcbur olublar".
Kəsiri olan tələbələr kredit ala bilməyəcəklər
Ekspert bildirir ki, qaydalara görə, tələbənin akademik borcunun olmaması və onların ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan yüksək olması tələb olunur. Amma K.Əsədov deyir ki, hazırda ölkədə 126 min tələbə özü təhsil haqqını ödəyir: "Bu zaman onların hamısı Təhsil tələbə krediti üçün müraciət edə bilməyəcək. Yalnız 56 min tələbənin müraciət etmək imkanı olacaq. Çünki digərlərinin akademik borcları – kəsrləri var, ya da akademik göstəriciləri 71 baldan aşağıdır".
Ekspert deyir ki, halbuki tələbənin kəsrinin olması normaldır. Əgər bütün tələbələr yüksək elmi potensiala malik olsaydılar, ödənişli əsaslarla təhsil almazdılar.
Qiyabi təhsil alan işsiz tələbələr nə etsinlər?
Həmsöhbətimiz bildirir ki, Təhsil tələbə kredit üçün yalnız əyani təhsil alanlara müraciət etmək imkanının yaradılması qiyabi təhsil alan tələbələrin bu yenilikdən istifadəsinə mane yaradır: "Hazırki qaydalara görə, qiyabi təhsil alan tələbələr Təhsil tələbə krediti üçün müraciət edə bilməzlər. Qiyabi təhsil alan tələbələrin əksəriyyəti heç bir yerdə işləmirlər. Məgər heç olmazsa, işsiz tələbələrə kredit vermək olmazdı?"
K.Əsədov bildirib ki, Təhsil tələbə kreditləri faizləri də yüksək həddə müəyyən olunub. Onun sözlərinə görə, standart kredit üçün 6 faiz tələb edilməsi kreditin əlçatanlılığına ciddi maneə olur. Bu sonda verilən məbləğin iki dəfədən çox qaytarılması ilə nəticələnəcək. Bu amil də kredit götürülməsi üçün müraciətləri azaldacaq.
Təhsil tələbə krediti şərtləri təkmilləşdiriləcək
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Təhsil tələbə kreditləri Azərbaycanda yenilikdir. Gələcəkdə Təhsil tələbə kreditləri ilə bağlı şərtlər dəyişə bilər: "Azərbaycanda ilk dəfədir ki, belə bir addım atılır. Tələbələrə təhsil krediti üçün maliyyə imkanı yaradılır. Ola bilər ki, zamanla qoyulan tələblər də təkmilləşsin".
Ekspert hesab edir ki, Təhsil tələbə kreditləri ilə bağlı şərtlər bəzən qərəzli şəkildə tənqid edilir. Onun sözlərinə görə, hər bir ölkədə Tələbə təhsil kreditlərinin verilməsi qaydaları fərqlidir. Bir ölkənin təcrübəsini olduğu kimi Azərbaycanda tətbiq etmək doğru deyil: "Azərbaycanda Təhsil tələbə kreditləri ilə bağlı müraciətlərə hələ yeni başlanılıb. Biz uzun illərdir ki, təhsil tələbə kreditlərinin verilməsini istəyirdik. Artıq bu ölkəmizdə reallaşıb. Əlbəttə ki, hər birimiz istəyirik ki, Təhsil tələbə kreditləri hamı üçün əlçatan olsun. Qaydalar zamanla təkmilləşdiriləcək. Ola bilər ki, kreditlərin verilməsində qoyulan şərtlər yüngülləşdirilsin. Düşünürəm ki, təhsil tələbə kreditindən xeyli sayda tələbə yararlana biləcək. Zaman-zaman qaydaların təkmilləşdirilməsi istiqamətində ciddi işlər gedəcək".
Xatırladaq ki, təhsil nazirinin müavini İdris İsayev qiyabi oxuyan tələbələrə tələbə təhsil kreditinin verilməməsinin səbəblərini açıqlayıb. O bildirib ki, qiyabi oxuyan tələbələrin əmək bazarında işləyib pul qazana bilmək imkanı var. Amma əyani təhsil alan tələbələrin işləmək və gəlir əldə etmək imkanları yoxdur.
Qeyd edək ki, Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə veriləcək.
Məlumat üçün bildirək ki, Təhsil tələbə krediti həm özəl, həm də dövlət ali təhsil müəssisələrinə aiddir. Kredit tələbənin özünə yox, təhsil aldığı ali təhsil müəssisəsinə köçürülür. Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.