QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb

2019-cu ildə Qarabağ iqtisadi rayonunda doğum əmsalı 12,9 ölkə üzrə orta hesabla 14,3 səviyyəsində, təbii artım əmsalı isə müvafiq olaraq 8,0 və 8,7 qeydə alınıb
Sputnik
BAKI, 29 noyabr — Sputnik. 2020-ci ilin əvvəlində Qarabağ iqtisadi rayonunda əhalinin sayı 900,3 min nəfər olub.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Coğrafiya İnstitutunun Elmi şurasının iclasında baş direktor, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.
Onun sözlərinə görə, bu, ölkənin ümumi əhalisinin 8,94%-ni təşkil edir: "1979-cu ildən sonra ərazidə kənd əhalisinin payının yüksək olması təbii artımın çoxluğu səbəbindən əhali artımı ölkə üzrə olan göstəricidən xeyli yuxarı (167,1%) olub. Əhali sayının artımı ən çox Ağdam rayonunda (91,0 min nəfər), ən aşağı artım isə Xocavənd rayonunda qeydə alınıb".
Zakir Eminov bildirir ki, 2019-cu ildə Qarabağ iqtisadi rayonunda doğum əmsalı 12,9 ölkə üzrə orta hesabla 14,3 səviyyəsində, təbii artım əmsalı isə müvafiq olaraq 8,0 və 8,7 qeydə alınıb. Kəndlərin yüksəklik qurşaqları üzrə yerləşməsi baxımından ərazidə Şuşa rayonunun Turabxan (2000 m) və Paşalar (1780) kəndləri ən yüksəkdə yerləşən kəndlər hesab edilir".